Apple 2025-ci ilin üçüncü maliyyə rübündə 94 milyard dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,63 % və ya 8,2 milyard dollar çoxdur. Nə siyasi gərginliklər, nə də ticarət müharibələri şirkətin uğuruna əngəl ola bildi: xalis mənfəət də 9,26 % artaraq 23,43 milyard dollara çatdı.
Bu maliyyə sıçrayışına əsas töhfəni iPhone və MacBook satışları verib. Smartfon satışları 13,45 % artaraq 39,2 milyard dollardan 44,5 milyard dollara yüksəlib, kompüter satışları isə 14,8 % artıb. Ən sürətlə inkişaf edən sahələrdən biri isə xidmətlər olub — bu seqment 13,26 % böyüyüb.
Apple həmçinin yeni bir rekorda imza atıb: bu rübdə satılan iPhone-ların ümumi sayı 3 milyardı keçib. Müqayisə üçün: ilk milyard iPhone satışı üçün Apple-a təxminən 10 il lazım olmuşdu. İkinci milyarda 5 il, üçüncü milyarda isə cəmi 4 il kifayət edib.
Bu da təəccüblü deyil: iPhone satışları şirkətin ümumi gəlirinin 47,4 %-ni təşkil edir.
Apple-ın növbəti milyardı nə qədər tez satacağı isə hələ bilinmir. İnvestorlar düşünür ki, süni intellektlə işləyən yeni nəsil cihazlar gündəlik həyatda smartfonların yerini ala bilər. Lakin Apple CEO-su Tim Kuk bu fikirlə razı deyil. Onun sözlərinə görə, İİ cihazlar maksimum halda iPhone üçün əlavə aksesuar ola bilər, amma onun əvəzini verə bilməz.