Apple, 2024-cü ildə App Store-un təhlükəsizlik sistemlərinin fəaliyyəti ilə bağlı hesabat yayımlayıb. Şirkətin bildirdiyinə görə, ötən il 2 milyard dollardan çox fırıldaqçılıq əməliyyatının qarşısı alınıb — bu, istifadəçilərin potensial olaraq itirə biləcəyi vəsaitin miqdarıdır.
Apple 2024-cü il üçün əsas statistik göstəriciləri açıqlayıb:
-
Son beş il ərzində ümumilikdə 9 milyard dollardan çox fırıldaqçılıq əməliyyatı önlənib.
-
146 000-dən çox potensial fırıldaqçı hesabı silinib.
-
711 milyon yeni hesab yaratmaq cəhdi rədd edilib, əlavə olaraq 129 milyon hesab deaktiv edilib.
-
App Store-dan kənarda qanunsuz yayılan proqramların quraşdırılması və işə salınması ilə bağlı 4,6 milyon cəhdin qarşısı alınıb.
-
Təhlükəsizlik, etibarlılıq, istifadəçi təcrübəsi və məxfilik standartlarına cavab vermədiyi və ya fırıldaqçılıq şübhəsi olduğu üçün 1,9 milyondan çox tətbiq App Store-a qəbul edilməyib.
-
Fırıldaqçılıq səbəbi ilə 37 000-dən çox proqram silinib.
-
143 milyondan çox saxta reytinq və rəy aradan qaldırılıb.
-
4,7 milyon oğurlanmış kredit kartı aşkarlanıb, bu kartlarla 1,6 milyondan çox hesab üzrə əməliyyatların qarşısı alınıb.
Apple həmçinin rəsmi saytında təhlükəsizlik və istifadəçi müdafiəsi ilə bağlı yenilənmiş məlumat dərc edib və App Store-da özünü necə qorumaq barədə tövsiyələr paylaşıb.