spot_img
26 декабря, 2024
ДомойБлогиАзербайджанские БлогиƏlimizdən alınacaq peşələr haqqında

Əlimizdən alınacaq peşələr haqqında

Bu yazı əvvəlki yazımın davamı xarakterlidir. Yazıda bot dedikdə – proqram təminatı(chat, app, API və.s.), robot dedikdə isə fiziki olaraq bədəni-gövdəsi olan aparat nəzərdə tutulur.

Yeni nəsil süni-intellekt botlarının get-gedə yayılacağı və bu dəfə daha ciddi effekt verəcəyi artıq şübhə doğurmur.

Həm də əvvəlki nəsil, sırf texniki səviyyədə tətbiq edilə bilən müxtəlif model süni intellekt xidmətlərindən fərqli olaraq (onların aktuallığı əsla azalmayıb) LLM (Large Language Models) xidmətləri artıq heç bir texniki xidmət tələb etmədən insanların ixtiyarına verilir.

Google Bard, ChatGPT hazırda əsas aktiv olan xidmətlərdir.

Google Bard-ın alqoritmik modeli olan Gemini-nin offline işləyə bilən versiyası da var – 2024-cü ildə satışa çıxacaq – Gemini Mini – bu model ilə artıq insan tipli beyni olan robotların da yolu açılacaq sanki. Çünki offline işləyə bilən ani qərarlar verən və məhdud sahədə ixtisaslaşmış LLM ilə təchiz olunmuş fiziki aparatlar və robotları istehsal etmək üçün hazırda ciddi texnoloji əngəl yoxdur – tək baryer zamandır, o da elə də çox zaman deyil.

Yeri gəlmişkən, LLM-lərə loru şəkildə yanaşsaq, onu şüurun tərs mühəndisliyi də saya bilərik.

Yəni alqoritmik olaraq real şüuru yarada bilmirik – çünki nəyisə sıfırdan yaratmaq üçün öncə onun necə işlədiyini bilməliyik.

Əvəzində şüurun realizasiyalarını (informasiya – kitab, məqalə, video və.s.) analiz edən alqoritmlər quraraq bu söz yığınlarının aralarındakı əlaqəni statistik və neyron şəbəkə metodları ilə analiz edib biliklər bazası yaradılır.

Və çox maraqlıdır ki, nəticə heyrətamizdir. İnsanlığın bugünədək yaratdığı bilik hovuzu o qədər böyükdür ki, artıq heç bir şüura malik olmayan LLM sözlərin hörümçək torunu analiz edərək bu sözlərin mahiyyəti olan mövzular haqqında fikir bildirir.

Təkrar edirəm – ChatGPT botu bugün bizə astronomiya haqqında bilgi verə bilər, riyazi tənliyi həll edə bilər – amma mahiyyət olaraq o bot nə riyaziyyatın nə olduğunu bilir, nə də astronomiyanın – şüur anlamında o ümumiyyətlə heç nə bilmir.

İndi gələk gələdək ssenarilərə.

İlk öncə nikbinlik yaradacaq əsas fikrimi deyim:

İstehlakçı tərəfdə insanlar olduğu müddətdə insan kadrlara hər zaman ehtiyac olacaq. Ağzı ilə quş tutan xidmətlər də çıxsa, yenə də vasitəçi insanlara ehtiyac olacaq (assistent, koç, təlimçi, məsləhətçi, idarəçi və.s.).

Çünki insan təbiət etibarilə tənbəldir və limitli beyin resursuna malikdir, ən asan istifadə təlimatı olan xidməti belə özü öyrənib işlətməkdənsə, bunu edən insanın olması ona sərfəli görünür. Hazırda belə bir insan istədiyimiz işləri görən mütəxəssisdirsə, gələcəkdə bu insanın əvəzinə eyni işi süni intellektə gördürən mütəxəssis olacaq. Yəni araçı insan ehtiyacı bir çox sahə üçün aktual olaraq qalacaq – bu insan təbiətinə görə belədir.

Qorxulu – apokaliptik ssenari o olar ki, istehlakçılar da süni intellektlə təchiz olmuş robotlar olsun – o halda artıq Matrix filminə xoş gəlmisiniz – yəni batdıq.

O təhlükəyə isə hələ ki, çox var – və o təhlükə yetişməmişdən əvvəl ümid edirəm ümumi requlyasiyalar qüvvəyə minər və proses nəzarətdən çıxmadan nüvə silahı requlyasiyası kimi sərt nəzarət altına alınar.

Ayzek Azimovun (Isaac Asimov) bu mövzuda zamanını qabaqlayan çoz gözəl əsərləri var. Robotexnikanın bir növ konstitusiyası məntiqi.

Burada söhbət fantastik filmlərdəki kimi, şüurlu robotların bizi lazımsız ət parçaları hesab edib məhv etmələri, kölə etmələrindən də getmir.

Ayzek Azimovun (Isaac Asimov) bu mövzuda zamanını qabaqlayan çoz gözəl əsərləri var. Robotexnikanın bir növ konstitusiyası məntiqi

Daha real şeydən danışa bilərik – özünü qoruma, özünü inkişaf etdirmə modulu ilə təchiz olunmuş hansısa super-intellektli robotların proqram təminatında yol verilən kiçik proqram xətası onların özünü qorumaq və ya inkişaf etdirmək üçün insanların əleyhinə fəaliyyət göstərməyinə səbəb ola bilər və bu zaman artıq savaş başlamış olar. Qarşımızda heç bir iç-mən hissi olmayan, motivasiyası olmayan, şüursuz – eyni zamanda super intellektlə malik təhlükəli varlıqlar olduğunu xəyal edin.

Gələcək peşələr barədə təsəvvürlər

Bu barədə nə desək, bir neçə il sonra gülünc görünə bilər. Gələcək barədə danışmağın necə gülməli olması haqqında bu yazıda yazmışdım, mütləq oxuyun.

Amma yenə də, yaxın gələcəyi təsəvvür etməyə çalışaq.

Fərz edək ki, LLM alqoritmələri və onlarla təchiz edilmiş ixtisaslaşmış robotlar artıq reallıqdır və

  • klinikada xəstəni dinləyib, suallar verib, analiz nəticələrini skan edib daha dəqiq diaqnoz qoyur, müalicə yazır.
  • şirkətdə istənilən marketinq tapşırığını dinləyib təzə plan hazırlayır, məhsul ideyaları verir, strategiya hazırlayır, rəqibləri analiz edir.
  • dizayn barədə istəkləri dinləyib, kontekstə uyğun, fantaziya, yaradıcılıq, yenilikçilik və.s. tətbiq edərək yaxşı dizayn işləri ortaya çıxarır və müştərinin reviziya istəklərini də bir saniyədə nəzərə alaraq yenilənmiş versiyaları da təqdim edir.
  • proqram təminatı – istəyi bildirirsən və bir anda sənə app və ya veb sayt hazırlayır və hətta sistemə yükləyərək aktiv hala gətirir
  • robot – istehsalatda qeyri konveyer işləri görə bilir, əl əməyi ilə qeyri standart işləri də görə bilir.
  • və.s.

Siyahını bütün mövcud peşələr üzrə uzatmaq olar.

Bu zaman hər bir punkta individual yanaşmalıyıq ki, bu dediyimiz funksiyalara malik robot və ya bot olarsa, həmin peşədə insana yer qalacaqmı deyə.

Ən gec təhvil veriləcək peşələr hansılar ola bilər.

  • Mənəvi tərəfi əhəmiyyətli olan sahələr – harada ki insan iştirakı önəmlidir. (müəllim, psixoloq, tərbiyəçi, yazıçı və.s.)
  • əl və əzələ əməyi tələb edən qeyri standart qərarlar tələb edən əmək işləri – burada robotları öyrətmək mümkün olsa belə, baha başa gəlmiş ola bilər. Ona görə də mümkündür ki, ağıllı işlərin bir çoxunu robotların, botların gördüyü bir gələcəkdə milyonlarla insan fəhləlik etməyə davam etsin – robotdan qat-qat ucuz başa gəlir deyə. Unutmayaq ki, insan enerji sərfiyyatı baxımından möhtəşəm bio-robotdur. Bir dönər yeyib bir neçə saatlıq ağır giziki iş görə bilir, özünü sağaltma, bərpa-etmə sisteminə malikdir(immun sistemi) – və bütün bu bio-sistem qüsursuz olmasa da, çox effektiv şəkildə işləyir. Ona görə də fiziki insan əməyinə qeyri-ciddi yanaşmaq olmaz, olduqca rəqabətədavamlı qüvvədir.
  • məsul şəxslər – hər bir sahə üzrə işi görənlər robot və ya botlar olduqda belə onlara tapşırığı verən, nəticədən məsul olan, işi təhvil verən və.s. işçilər lazım ola bilər. Bu zaman bu şəxslər sahə barədə dərin texniki də olmasa, ümumi məntiqi biliklərə malik olmalıdır ki, botlar/robotlar üzərində dirijorluq edə bilsinlər.
  • insanın iştirakını dəyərli qılacaq niş sahələr (robotdan istifadə edilməməsi bir üstünlük kimi təqdim ediləcək şeylər. Necə ki, əllə toxunma xalça, orqanik həyət toyuğu, rəsm əsəri, dərzinin tikdiyi kostum, saatsazın əllə yığdığı hansısa Rolex saatı konveyer üsulla olan alternativlərindən qat-qat bahadır, bu da elə ola bilər)

Sonluğu nikbin və ya bədbin bitirmək üçün kifayət qədər məlumatımız yoxdur, prosesin ortasındayık, irəlidə bizi nə gözləyir – dəqiq bilmirik. Tək bildiyimiz odur ki, böyük dəyişikliklər gedir və hər gün xırda da olsa yeni nəsə bir şey öyrənməklə bilik və təcrübələrimizin aktuallağını qorumağa borcluyuq.

Şəxsi təcrübəmdən kiçik bir məlumat verim: Son 1 ildə yazdığım kodların 70%-ni süni intellektə yazdırmışam.

“Yazıb” yox, məhz yazdırmışam. Çünki, hələ ki, hazıra nazir kodlar əldə etmək olmur, yaxşı nəticə istəyirsənsə, özün də mövzunu yaxşı bilməlisən. Çünki qarşındakı mövzudan zərrə anlayışı olmayan, söz toxuyan bir botdur. Ona görə də tez-tez düzgün yazıb-yazıb bir anda gözə çarpmayan kritik bir səhv edir.

Məhsuldarlıqda artım çox ciddidir. 70% zarafat deyil. Gözlə görüləndir. Ona görə də hətta buraya qədər olan inkişaf belə necə ciddi bir şeydir, onu əyani görürəm.

 

Mənbə: https://e-haci.net

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,985ФанатыМне нравится
1,013ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -