Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkətinin Baş Kommersiya Direktoru Samir Nuriyev Bakıda keçirilmiş “Dayanıqlı İnkişaf üçün Potensialları Reallaşdıraq” adlı 9-cu Azərbaycan Mikromaliyyə Konfransı və “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi layihəsi”nin rəsmi təqdimatına həsr edilmiş tədbirdə məruzəçi qismində iştirak edib.
Belə ki, konfrans çərçivəsində keçirilmiş “Mikromaliyyələşmənin rəqəmsallaşması: Çətinliklər və imkanlar” adlı sessiyada çıxış edən Samir Nuriyev maliyyə texnologiyaları (FinTech), maliyyə xidmətlərinin rəqəmsal kanallar vasitəsilə təmin edilməsi, Blokçeyn texnologiyasının maliyyə əməliyyatlarında tətbiqi və üstünlükləri barədə danışıb. O dünyada müasir maliyyə texnologiyalarının ölkələrin iqtisadiyyatlarının müxtəlif sahələrində tətbiqindən bəhs edib. Qeyd olunub ki, hazırda dünya miqyasında rəqəmsallaşma fonunda rəqəmsal maliyyə texnologiyalarına sürətli keçid baş verir. Yeni texnologiyaların tətbiqi, müştərilərə göstərilən maliyyə xidmətlərinin rəqəmsallaşması dayanıqlı inkişafın təmin edilməsində mühüm rol oynaya bilər.
Tədbirdə çıxış edən digər məruzəçilər də öz növbələrində Azərbaycanda rəqəmsallaşma və mikromaliyyələşmə mövzularında danışıblar. Çıxışlarda maliyyə xidmətlərinə çıxışı olmayan əhali qrupuna xidmət etmək üçün yeni imkanlar, maliyyə institutlarının mobil şəbəkə operatorları ilə əlaqələndirilməsi, rəsmi maliyyə institutlarının bütöv məhsul və xidmətlərini mobil pul agentlikləri vasitəsilə təklif etmək imkanları kimi mövzulara toxunulub, faydalı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 22-23 noyabr tarixlərində keçirilmiş konfrans Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.