spot_img
15 октября, 2024
ДомойБлогиАзербайджанские БлогиIT şirkətlər: Konspirasiya və həqiqətlər

IT şirkətlər: Konspirasiya və həqiqətlər

Qlobal səviyyədə xidmət göstərən, satış edən IT şirkətlər hər kəsin həyatına digər sferalardakı şirkətlərdən daha çox daxil olub desək, fikrimcə yanılmarıq.

Gündəlik həyatımızı Google, Facebook, Apple, Amazon, Microsoft kimi şirkətlərdən ən azı ikisi olmadan təsəvvür etmək yəqin ki, mümkün deyil.

Yeri gəlmişkən qeyd edim ki, Microsoftu çıxmaq şərtilə artıq ilk 4-lüyü artıq “Big four” adlandırırlar və onların birgə dünyada ən böyük qüvvəyə (həm də şər qüvvəyə) çevrildiyini iddia edirlər.

Yazının əsas məğzinə gələk: Bu şirkətlər həyatımıza bu qədər ifrat formada daxil olduğuna görə onlar haqqında müzakirələr, azarkeşliklər, şayiələr, konspirasiyalar da geniş yayılmışdır, bu təbii sosial təzahürdür.

Bəs bu konspirasiyalar iqtisadi-siyasi sahədə olduğu kimi, əsasən paranoyaya və qeyri-ciddi “faktlara” dayananmı olur, yoxsa müəyyən qisminin ciddi əsası var?

Zaman göstərir ki, ikinci variant daha doğrudur. Böyük maliyyə və siyasi oyunlardan fərqli olaraq bu sferada insanlar daha çox birbaşa təcrübə yaşayırlar deyə zaman-zaman təcrübələr toplanır və yekun nəticə çıxarılır.

Məsələn, konspirasiya N1:

“Apple təzə telefon buraxanda əməliyyat sisteminin yeni versiyasında elə edir ki, köhnə device-lar zəif işləməyə başlasın – nəticədə sadiq kütlə yeni cihazlar almağa meyllənsin”

Şəxsən mən bu iddianı illərdir eşidirəm. Fərd olaraq ayrı-ayrı şəxslər andaman edirdilər ki, bu belədir. Amma əks fikirdə olan pulsuz vəkillər azarkeşlər də vardı ki,  “Apple elə şey etməz, bu ən azından hüquqa ziddir” deyirdilər və söhbət o yerdə də qalırdı.

Nəhayət bir neçə gün əvvəl bir Reddit istifadəçisi şəxsi araşdırma yazısını paylaşdı:

Araşdırmasında illərdir dolaşan bu konspirasiyanın əslində doğru olduğunu isbat edən şəxs eyni zamanda zəifləmə üçün istifadə edilən indikatorun batareyanın gücü olduğunu kəşf etdi.  Yəni mexanizm çox sadədir:  Batareya işləndikcə gücü azalır, əməliyyat sistemi də batareyanın sağlıq durumu barədə məlumatı alır, onun zəiflədiyini hiss etdikdə qəsdən prosessoru da zəiflətməyə başlayır(yəni prosessoru tam performans ilə işlətmir) Bu mükəmməl hiylədə bir gülləyə iki dovşan vurulub:

  1. İşin maliyyə tərəfi: Bu hiylə sayəsində şirkət hər il milyonlarla şəxsi bezdirib yeni cihaz almağa vadar edir və milyardlar qazanır.
  2.  İşin hüquqi tərəfi: Məsələni batareya ömrünə bağlamaqla “batareya zəiflədikdə prosessoru zəiflədirik ki, ilk gündəki kimi batareya bir tam gün çatsın, telefon tez sönməsin” məqsədini elan edirlər və nəticədə iş tamamilə hüquqi problemsiz olaraq həllini tapmış olur.

Bu reddit yazısı gündəmi zəbt etdi və başqa müstəqil araşdırmaçılar tərəfindən də qısa zamanda təsdiq edildi. Və 2 gün əvvəl Apple şirkəti faktın aşkar şəkildə ortada olduğu səbəbilə rəsmi şəkildə etiraf etmiş oldu. Təbii ki, yuxarıda yazdığım 1-ci bənd yox, 2-ci bəndi səbəb göstərərək.

Zaman keçdikcə digər konspirasiyaların da taleyini görəcəyik.

Hazırda mənə ən çox maraqlı gələni bu iddiadır:

“Google və Facebook smartfonlarımızda olan application permission-da mikrofon səlahiyyətinin olmasından istifadə edərək lazım olmayan vaxtlarda da bizi dinləyir, işlətdiyimiz sözlər arasında reklamlara uyğun bir söz tapanda o reklamları bizə göstərməyə başlayır.”

Şəxsi yaxın tanışlar arasında belə bu iddianı təsdiq edən 10-dan çox adam tanıyıram. (Özüm də daxil) – ki illərdir danışmadıqları bir mövzu haqda təsadüfən söz salındıqdan az sonra FB və ya Google reklamlarında o barədə reklam görüblər. İnternetdə qısa araşdırma aparmaqla bütün ölkələrdə eyni iddiaların olduğunu görmək olar.

Maraqlıdır, əgər bunu da kimsə oturub fərdi araşdırma ilə dəqiq isbat etsə, şirkətlərin gətirdiyi “2-ci bənd” izahı necə olacaq. Yəni Apple kimi onlar da məharətlə hüquqi (əslində yalan olan) əsas göstərə biləcəklərmi. Yəqin ki hə. Çoxmilyardlıq nəhəng şirkətlər belə ehtimalları nəzərə almamış ola bilməz.

Digər maraqlı məqam da budur ki, Apple məsələsində olduğu kimi, bu konspirasiyada da əks fikirli skeptiklər var. Əsasları da budur:

“O şirkətlərin süni intellekti o qədər güclüdür ki, bizim haqqımızda o qədər çox leqal dataya malikdirlər ki, süni intellekt onları analiz edib bizim ağlımıza sığmayacaq qədər effektiv nəticələr alır və az qala fikrimizi oxuyacaq qədər əlaqəli açar sözlər yaradıb uyğun reklamları bizə göstərir. Və biz də təsadüfən o mövzuda yenicə danışmışıq deyə elə bilirik ki, Google oturub bizə qulaq asır və ona uyğun reklam göstərir.”

Hansı versiyanın doğru olduğunu zaman göstərəcək. Əvvəldə də dediyim kimi, Böyük 4-lük gündəlik həyatımızdadır deyə müşahidə imkanlarımız digər sferalara nisbətən daha çoxdur və iddiaların doğru olub olmaması bu sferada daha tez üzə çıxır, nəinki 10 illiklərlə dolaşıb (məs. mason söhbətləri) nəsildən nəsilə keçir.

Bir  az düşünsək, ortalarda dolaşan başqa iddiaları da xatırlamış olarıq, mən ikisini yetərli bildim. Sizin də yadınıza düşən maraqlı iddia olarsa, şərhlər bölməsinə əlavə edə bilərsiniz.

Mənbə: http://e-haci.net/2017/12/22/it-sirk%C9%99tl%C9%99r-konspirasiya-v%C9%99-h%C9%99qiq%C9%99tl%C9%99r/

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,001ФанатыМне нравится
1,014ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -
- Реклама -