spot_img
22 ноября, 2024
ДомойТехнологииАвтомобилиFormula 1 - texnologiyalar yarışı

Formula 1 — texnologiyalar yarışı

Formula 1 və ya F1 (rəsmi adı ing. Formula One World Championship) — bir nəfərlik, açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatının adıdır. 1950-ci ildən etibarən müntəzəm olaraq keçirilir. Rəsmi qəbul edilməsə də, bir çox hallarda Formula1 sürücüləri pilot, avtomobillər isə bolid adlandırılırlar.

2013-cü ildə məlum oldu ki, ikitərəfli razılaşma əsasında bu məhşur idman yarışının 2016 Avropa Qran-Prisi Bakıda keçiriləcək. Beləliklə, 2016-cı ildə Azərbaycanda ilk dəfə Bakı Şəhər Halqası (Baku City Circuit) adlı trekdə Formula 1 Qran-Prisi baş tutdu. Yarışın qalibi hazırki dünya çempionu Mercedes komandasının alman pilotu Niko Rozberq oldu. Podiumun ikinci pilləsində digər alman pilot, 4 qat dünya çempionu, Ferrari komandasının üzvü Sebastian Fettel, üçüncü pillədə isə Force-İndia təmsilçisi Serxio Perez qərarlaşdı. Bir il sonra, 2017-ci ildə adı Azərbaycan Qran-Prisi olaraq müəyyən edilən F1 yarışı bir daha Bakıda baş tutdu. Bu dəfə podiumun ilk pilləsinə Red Bull komandasından Daniel Rikkiardo yüksəldi. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Valteri Bottas və gənc pilot Lans Stroll tutdu.

Dünyanın ən reytinqli idman növlərindən və ən çox izlənilən yarışlardan olan Formula 1-in bütün dünyada milyonlarla azarkeşi var. Hər bir Qran-Prisi böyük maraqla gözlənilən «avto idmanın kralı» adlandırılan Formula 1 kənardan maşınların sadə bir yarışına bənzəyir. Lakin, daha yaxından izləyib araşdırsaq görərik ki, bu, təkcə maşınların və mahir pilotların yarışı deyil. 10 böyük komandadan 20 dünyanın ən yaxşı pilotu, mahir mühəndislər, professional komanda üzvləri və ən əsası texnologiyalar.

Bəli, hal-hazırda bolid adlanan Formula 1 maşınlarında ən böyük rolu mühərrik və pilota uyğunlaşdırılan texnologiyalar aparıcı rol oynayır. Mühəndislər bolidə quraşdırılan ən kiçik texnoloji detalları belə pilota maksimum uyğunlaşdırmağa çalışırlar. Bu işi ən yaxşı bacaranlar sözsüz ki pilotları yarışın favoritlərinə çevirirlər. Məhz buna görə də Formula 1 çempionatında «Mühəndislər Kuboku» adlanan cədvəl də tərtib olunur ki, bu da il ərzində ən güclü bolidi və onları tərtib edən komandanı müəyyənləşdirir.

Əlbəttə ki, yarışda pilotun professionallığı, bacarığı, istedadı ən vacib amillərdəndir. Ümumiyyətlə, mahir pilotlar bolidin texnoloji cəhətdən hazırlanmasına da cəlb olunur, çünki məhz onlar maşının zəif və güclü nöqtələrini ideal şəkildə anlayıb mühəndislərə bildirirlər.

Pilot-mühəndis tandeminin bariz nümunələrini yaxın keçmişdən izləyə bilərik. Məsələn, Red Bull komandası istedadlı alman pilot Sebastian Fettel və avstraliyalı Mark Uebber ilə 4 il üst-üstə mühəndislər kubokunun qalibi oldu. Bu 4 il ərzində Renault mühərriki, texnoloji detallar və mühəndislər heyəti əla iş bacardı. Xatırladaq ki, Sebastian Fettel 23 yaşında ikən 2011-ci ildə ilk dəfə Dünya Çempionu olmuşdu. Sonrakı 3 il ərzində də çempion olan alman şəxsi hesabda da 4 qat Dünya Çempionu adını qazanmışdı.

Hal-hazırda isə Formula 1-də Mercedes-Benz komandasının hökmranlığı davam edir. Son üç ildə mühəndislər kubokunun qalibi məhz Mercedes komandası olub. 2014 və 2015-ci illərdə ingilis pilot Luis Hemilton, 2016-cı ildə isə Niko Rozberq Dünya Çempionu adını qazanmışdı. Cari ildə də Mercedes komandasının bolidləri digərlərinə nisbətən daha güclü və sürətli görünürlər. Lakin, son bir ildə Ferrari komandasının mühəndisləri bolidlərində bəzi dəyişikliklər edərək titul uğrunda Mercedes komandasına ciddi rəqib olublar.

Formula 1 bolidlərində və ümumilikdə yarış əsnasında bir çox texnologiyalardan istifadə edilir. Məqaləmizdə bunlardan bəziləri haqqında məlumat verəcəyik.

Red Bull bolidinin müəmmalı «burun hissəsində dəlik»

Red Bull komandası bu il öz RB13 bolidlərini təqdim edərkən bir çoxları zarafat olaraq maşını tozsorana bənzətdilər. Məsələ orasındadır ki, bolidin burun hissəsində dəlik var. Sky Sports F1 eksperti Ted Krevits məsələyə aydınlıq gətirərək bu dəliyin hansı rol oynadığını bildirib.

«İlk olaraq onu deyə bilərəm ki, bu, açıq-aşkar bir yenilikdir. Başqa sözlə, hər hansı başqa komanda da bu texnoloji həlldən istifadə edə bilər, odur ki, belə bir yenilik Red Bull üçün elə bir üstünlük sayılmır. Paddokda olan mühəndislərdən də heç biri bu yeniliyə qarşı çıxmayıb. Texnologiyanın məqsədi bolidin qarşılaşdığı hava axınını dağıtmaqdan ibarətdir. Belə ki, hava axını bolidin içindən keçərək turbulentliyə təsir göstərir. Bu da, öz növbəsində yerə sıxılma qüvvəsinə təsir edir. Bolidin burun hissəsindən hava axınını qismən dağıdaraq turbulentlik effektinin bolidə təsirini azaltmış olursunuz», — deyə, Ted Krevits bildirib.

Formula 1 bolidlərində «köpək balığı üzgəci»

2017-ci ildə Formula 1 bolidləri həqiqətən daha aqressiv və cəlbedici görünür. Lakin, mühəndislərin əlavə etdikləri bir yeniliyin ümumi görünüş baxımından mənfi tərəfi üzə çıxıb.

Əslində bu, elə də bir yenilik sayılmamalıdır. Söhbət 2008-2010-cu illərdə istifadə olunmuş və 2017-ci ildə Formula 1 bolidlərinə yenidən istifadə edilməyə başlayan «köpək balığı üzgəclərindən» gedir. Bolidlərin üst hissəsindən arxa qanadına qədər köpək balığı üzgəcini xatırladan bir texnoloji detal quraşdırılıb. Bir növ stabilizator funksiyasını daşıyan bu detal bolidin ümumi görünüşünə mənfi təsir edib. 90% Formula 1 azarkeşləri sorğularda bu detalın boliddə artıq göründüyünü bildirib.

Bolidin görünüşünə mənfi təsir etsə də, bu yenilik ümumilkdə aerodinamikanı xeyli yaxşılaşdırır. Belə ki, bu «üzgəcdən» 80 sm hündürlükdəki arxa qanadlara hava axınının güclü təzyiqinin qarşısını almaq üçün istifadə olunur. Üzgəc adlandırdığımız parça hava axınını bir növ sakitləşdirərək arxa qanada təsirini azaldır. Beləliklə, maşınlar özlərini xüsusilə döngələrə girərkən daha yaxşı göstərir və boliddə yerə sıxılma qüvvəsini önəmli dərəcədə artırır.

T-formalı qanad

Belə qanad Mercedes-Benz, Ferrari, Haas və Williams komandalarının istifadə etdiyi texnoloji elementdir. T hərfi formasında olan bu kiçik incə qanad yuxarıda qeyd olunmuş «köpək balığı üzgəcinin» üst hissəsinə quraşdırılır. Bu qanaddan istifadə edilməsinin məqsədi yerə sıxılma qüvvəsini artırmaqdır. Beləliklə, maşınların aerodinamikası artır və bolidlər trassanın düz hissələrində ötmə manevrini daha yaxşı yerinə yetirə bilir. Lakin F1 bu, eləcə də «köpək balığı üzgəci» həllərinin istifadə edilməsinə qarşı çıxır və mühəndisləri bu detalların istifadəsini dayandırmağa çağırır.

Ferrari və Mercedes-in istifadə etdiyi TJI texnologiyası nə üçündür?

Ferrari və Mercedes komandaları öz bolidlərində Mahel Powertrain şirkətinin tərtib etdiyi Turbulent Jet Ignition (TJI) texnologiyasından istifadə edir.

Bu texnologiya ümumi olaraq yanacaq və mühərrikin effektivliyini artırır. TJI sistemi yandıran şam və injektordan ibarət kiçik forkameradır. Burada məqsəd yanacağın mühərrikdə daha effektiv şəkildə yandırılmasından ibarətdir. Belə bir sistemin olmadığı halda yanma prosesi silindrin mərkəzində baş verir, TJI sayəsində isə yanacaq kiçik porsiyalarla silindrin əvvəlindən yanmağa başlayır. Beləliklə, Mahle Powertain şirkəti Formula 1-in texniki reqlamentinin əsas məsələlərindən birini — daha az miqdarda yanacaqdan daha sərfəli istifadə edərək mühərrikik maksimum effektivliyini təmin etməyi həll edir.

2018-də nə istifadə olunacaq: Shield yoxsa Halo?

FIA pilotları daha yaxşı qorunmaq üçün bolidlərə Shield və ya Halo adlı texnoloji detallardan birini istifadə etməyi tövsiyə edib. Shield sistemi pilotun önündə yerləşdirilən qoruyucu şüşədən ibarətdir.

Bu sistemin ilk sınağını məşhur alman pilot Sebastian Fettel Silverstounda keçirdi. Lakin sınaq bir tam dövrə belə davam etməsi. Fettel bildirib ki, bu qoruma texnologiyası görmə bucağını kəskin şəkildə azaldaraq döngələrdə pilota ciddi şəkildə maneə törədir. Üstəlik, qoruyucu şüşə çəki və forma baxımından da bolidin aerodinamik xüsusiyyətinə böyük ölçüdə mənfi təsir göstərir.

19 iyul tarixdə Cenevrədə baş tutan FIA toplantısında belə bir qərar alındı ki, 2018-ci ildə bolidlərdə Halo qoruma sistemindən istifadə edilsin. 10 komandadan 9-unun qarşı çıxmasına baxmayaraq bu qərar qəbul edilib. FIA qeyd edir ki, həmin sistem qəza baş verdikdə boliddən ayrılan təkərin və ya başqa bir elementin pilota xəsarət etməsinin qarşısını alacaq.

Ekspertlərin rəyincə, Halo texnologiyasını ümumi təhlükəsizliyi 18% artırır. Lakin qəza baş verdikdə kiçik elementlərdən qorunmaq mümkün olmayacaq. Üstəlik, əgər qəza vaxtı bolid çevrilsə pilot bolidi tərk etməkdə çətinlik çəkə bilər. Amma güclü zərbə nəticəsində Halo sisteminin sınaraq pilota xəsarət yetirəcəyini FIA rəsmiləri əsassız sayır.

Halo və ya Shield kimi sistemlər Formula 1 maşınlarının ümumi görünüşünə də təsir edir. Azarkeşlər deyirlər, bu sistemlər boliddə artıq kimi görünür. Mühəndislər də öz növbəsində qeyd edirlər ki, həmin sistemlər bolidin ümumi çəkisi, fiziki forması və aerodinamikasına mənfi təsir göstərəcək.

Bununla belə, FIA rəsmiləri öz mövqeyindən geri addım atmayaraq insan həyatını xilas etmək naminə Halo sisteminin quraşdırılmasını məcburi elan ediblər.

Kaspersky və Scuderia Ferrari

2010-cu ildən etibarən Scuderia Ferrari komandasının sponsor və tərəfdaşlarından biri Kaspersky Lab şirkətidir. Şirkət Formula 1-də Ferrari komandasının təhlükəsizliyini təmin edir. Kasperski Lab-ın Avropa üzrə direktoru Aleksandr Moiseyev müsahibələrindən birində belə deyir: «Biz ilk dəfə olaraq Ferrari bazasına gələndə ən sadə təhlükəsizlik tələblərinə riayət edilmədiyini gördük. Bütün baza ərazisində müdafiə olunmayan USB portlar var idi. Orta səviyyəli haker Flash kart vasitəsilə buradan istənilən məlumatları əldə edə bilərdi».

Kaspersky Lab rəsmisinə verilən suallardan bəziləri belə idi:

— Formula 1 bazasındakı kompüterlərə və ümumən bolidin «beyninə» daxil olma riski nə qədər böyükdür?

Cavab: «Mühəndislər və komanda üzvləri çox vaxt bütün diqqətlərini bolidə ayırırlar. Belə halda onlar öz kompüterlərinin pit-uolla, onun da eyni zamanda Maranello və digər ərazilərdə yerləşən superkompüterlərə qoşulduğunu bilmirlər. Belə olduqda komanda və yaxud ümumən Formula 1 şəbəkəsinə qoşulmaq çətin olmur. Biz bu tip təhlükələrin qarşısını almaq üçün buradayıq. Bizdə bu cür təhlükələri ərazi və zaman etibarı ilə öncədən əks etdirən və bizə əks tədbirlər görməyə imkan yaradan xüsusi xəritə var».

— Belə təhlüklər indiyədək olubmu?

Cavab: «Bəli. Təkcə Soçidə onlarla belə təhlükələrlə üzləşdik. Səbəbi isə çox sadədir. Formula 1 ərazisinə yüzlərlə insan gəlir və özləri ilə smartfon, eləcə də digər virus daşıya biləcək cihazlar gətirir. Bu da öz növbəsində təhlükə mənbəyinə çevrilir».

İstifadə olunan ədəbiyyat: www.championat.com, www.wikipedia.org, www.f1news.ru, www.motosport.com.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -