Bir neçə ay öncə məlum olub ki, Adblock Plus reklam əngəlləmə proqramının aktiv istifadəçi sayı 100 milyona çatıb. Lakin qeyd etmək lazımdır ki, söhbət proqramın aktiv quraşdırılmasından gedir. Məsələ ondadır ki, əgər bir istifadəçi Adblock Plus-u bir neçə cihaza quraşdırırsa, ümumi statistikaya bir neçə belə aktiv “isitfadəçi” yazılır. Unikal istifadəçilərin sayını müəyyən etmək olduqca çətin olsa da, Adblock Plus bəyan edir ki, istifadəçi sayı haqqında maksimum dərəcədə dəqiq məlumat toplamağa çalışır.
Hər halda kompüterlərdə brauzerlərə (Firefox, Chrome, Opera, Safari və s.) və mobil cihazlara (Android, iOS) 100 milyon aktiv quraşdırılma reklam sənayəsinə və sayt sahiblərinə əhəmiyyətli dərəcədə zərər yetirir. Adblock Plus isə saytların maliyyələşməsini təklif edib. Belə ki, istifadəçilər reklamları görməyəcək, lakin saytlara bir növ “sponsorluq” edəcək, Eyeo şirkəti isə (Adblock Plus təsisçisi) gəlirin 10%-ni özəlləşdirəcək.