Bu məqalə telekommunikasiya sahəsinin yaxın 25 il, hətta daha uzun müddət ərzində necə inkişaf edəcəyinə həsr olunub. Həmçinin, nəyə görə İnternetə çıxış sürətinin iqtisadi inkişafa birbaşa təsir göstərdiyini öyrənəcəyik. Bəli, belə bir nəzəriyyə mövcuddur ki, «İnternetə çıxış sürətini ikiqat artırmaqla ölkənin ÜDM-u 0,3% artır». Buna əlavə edilir ki, genişzolaqlı İnternetə çıxış həcmini 10% artırmaqla ÜDM tam 1% artır. Nə isə, bu nəzəriyyə sübut edilməsi çətin, müəyyən qədər mübahisəli bir məsələdir. Odur ki, məsələyə «o biri tərəfdən» yanaşaraq telekommunikasiyaların birdən-birə dayandırıldığını fərz edib belə bir halda nələrin baş verəcəyini təsəvvür etməyə çalışaq.
Təsəvvür edin ki, mobil telefonunuz yaddan çıxıb, evdə qalıb. Özünüzü tənha, bütün dünyadan təcrid olunmuş hiss edirsiniz, evdə unutduğunuz telefona hansısa mühüm zəngin gələ biləcəyindən təşvişə düşmüsünüz. Ya da ki, başqa bir misal gətirək: uşaq çıxıb həyətə oynamağa, amma topunu evdə unudub. 20 il bundan əvvəl uşaq nə edərdi? Dərhal qayıdardı evə, götürərdi topu, qayıdardı həyətə, dostlarının yanına. Bəs indi? İndi isə zəng edir anasına ki, topu aşağı atsın. 20 il əvvəl maşınınızın şəhərlərarası yolda xarab olması tam bir fəlakət olardı. Haradan, kimi köməyə çağıracaqdınız? Otur, gözlə, bəlkə mühərrikdən başı çıxan biri yoldan keçər… Bəs indi? İndi isə texniki xidmət nömrəsinə zəng edin, vəssəlam!
Adi bir telefon zəngi təkçə vaxtınıza qənaət etmir, bəzən malınızı, hətta canınızı xilas edə bilər. Bugün yer üzünün istənilən yerindən zəng etmək mümkündür (95% hallarda rabitə mövcuddur). Bugün dünyanın o başında yaşayan insanlarla əlaqə yaradıb danışmaq çətin deyil. Smartfona bir-iki «tık» edib taksi çağırmaq, yemək sifariş etmək adi məsələdir. Adi və xüsusi avtomobillərdə harada olduğunuz barədə dispetçer mərkəzlərinə saniyəbəsaniyə məlumat ötürən naviqasiya sistemləri quraşdırılıb. Şayət, bu funksional cəmi bir ay işləməsə, təsəvvür edin, iqtisadiyyatın səmərəliliyi nə qədər azalar. Adi insanlar üçün vaxta qənaət anlamına gələn telekommunikasiya xidmətləri, iqtisadiyyata gəlincə, hər şeyin ondan asılı olduğu, dəyəribiçilməz bir amilə çevrilir. Bu amil olmadan nələr baş varəcək? Tikinti obyektinə beton vaxtında çatdırılmayacaq. Zavodlar idarəetmədən məhrum qalacaq. Dövlət qurumları bir-birinə direktiv ötürə bilməyəcək. Ordu vaxtında əmr ala bilməyəcək. Bugün iri İKT müəssisələrinə çevrilmiş banklar fəaliyyətlərini dayandırmalı olacaq. Bütün bunlar göz qabağına gəlincə, belə bir yeni termin peyda oldu: INDUSTRY 4.0.
Ümumiyyətlə, son vaxtlar o qədər müxtəlif marketinq terminləri eşidirik ki: IoT, Big Data, SDN və sairə, və sairə… Yeni terminləri qəbul etməyə məcburuq, çünki əvvəllər həyatımızda belə şeylər heç olmayıb. Üstəlik, INDUSTRY 4.0 baş verənləri tarixi analogiyalar prinsipi üzrə təsvir edən olduqca sərrast bir termindir. Bunu nümayiş etdirmək üçün gəlin, «əşyaların İnterneti» terminindən daha köhnə bir termini – hələ 18-ci əsrdə istifadə olunan «sənaye inqilabı» terminini yada salaq.
İlk sənaye inqilabı əl işindən dəzgah maşın işinə keçməklə baş verdi. O vaxt əsas məsələ buxar maşınlarının yaradılmasından, fabrikaların qurulmasından və əməyin bölünməsindən ibarət idi. Həmin «inqilab» tam 100 il davam etdi. İkinci sənaye inqilabı 20-ci əsrin ilk yarısında konveyerin icad edilməsi və elektrik enerjisinin, kimyanın, habelə daxili yanacaqlı mühərriklərin kütləvi şəkildə istifadə olunmağa başlaması ilə baş verdi. Lakin tezliklə elektronikanın və kompüterlərin meydana gəlməsi ilə sənayeləşmənin üçüncü mərhələsi başladı. Bu mərhələnin adı «rəqəmsal inqilab» kimi tarixə keçdi. Bütün istehsal prosesləri kütləvi surətdə avtomatlaşdırılmağa və kompüterləşdirilməyə başladı. Mikroelektronika ilə, verilənlərlə və İnternetlə bağlı çoxmilyardlıq istehsalat sahələri meydana gəldi. Və budur, 21-ci əsrin ilk onilliyindən etibarən yeni mərhələyə — istehsalın öz intellektinə sahib olma mərhələsinə keçid başladı. Başqa sözlə, istehsalatın insandan asılılığına son qoyulmağa başladı. Bunu dərk etmək hal-hazırda çətin olsa da, proses başlayıb və artıq «ağıllı fabrika» ifadəsi fantastika aləmindən çıxaraq getdikcə reallaşır.
Adətən reallıq fantastika ədəbiyyatında təsvir olunduğundan bir qədər fərqli olur. Baxmayaraq ki, həmin istiqamətdə bir çox cəhdlər edilir, biz hələ ki, insana bənzəyən robotların yaradılmasının şahidi olmamışıq. Hər şeydən əvvəl bu, iqtisadi baxımdan cəlbedici deyil, çünki elektron və insan interfeyslərinin bir-birinə uyğunlaşdırılması üçün olduqca çox enerji resursları sərf etmək lazımdır. Amma bu tip avtonom obyektlərin əvəzinə hazırda bir-birinə qoşulub ayrıla bilən elementlərdən ibarət şəbəkələr — kiber-fizika sistemləri (Cyber-physical system — CPS) yaradılır. Əslinə baxanda, növbəti «sənaye inqilabı»nın yolu məhz sadə qurğuları telekommunikasiya vasitəsilə birləşdirib mürəkkəb sistemlərin yaradılmasından keçir.
Başqa bir misal gətirək. Fiziki məhsullardan ziyadə kompüter oyunlarını yaratmaqla məşhurlaşan Valve şirkəti öz məhsullarının, o cümlədən, oyun manipulyatorlarının, müxtəlif geymer qurğu və kompüterlərinin istehsalını əl işinin ucuz olduğu Cənub-Şərqi Asiyada deyil, bahalı işçi qüvvəli və yüksək vergiləri olan ABŞ-da təşkil etməyə müvəffəq olub. Bunun üçün Valve aşağıdakıları həyata keçirib:
- Əvvəlcə bir neçə həftə, hətta bir neçə gün ərzində boş, amma məqsədəuyğun bir məkanda tamamilə, ya da böyük ölçüdə avtomatlaşdırılmış istehsal xətti qurulur.
- İstehsal prosesi tək bir xətdə plastik parçaların ştamplanmasından hazır məhsulun keyfiyyətinə nəzarətə qədər tam dövrəni əhatə edir.
- Bu istehsal xəttinin avadanlıqları oyuncaq kimi görünsə də, işləkdir.
- Müasir istehsal prosesi emal, yığma və sazlamadan ziyadə daşıma və logistika deməkdir.
Bütün bunlar INDUSTRY 4.0-dün iç üzüdür. «Industrie» termini alman dilindəndir. «Dördüncü sənaye inqilabı»nın adı 2011-ci ildə biznesmen, siyasi xadim və alimlərin öncülük etdikləri təşəbbüsdən irəli gəlir. Bu təşəbbüs kiber-fizika sistemlərini istehsalat proseslərinə tətbiq edərək Almaniyanın emaletmə sənayesinin rəqabət gücünü artırmaq məqsədini güdürdü. CPS haqqında yuxarıda bəhs etmişdik. Bu, olduqca geniş əhatəli termindir və daha çox İnternetə qoşulan kiçik mexanizmlər, eləcə də insan əməyi haqqındakı mövzularda istifadə olunur. Hazırda istehsalçılar quraşdırma xətti prinsipini yenidən nəzərdən keçirməklə kifayətlənmədən, yüksək səmərəliliyi qoruyub saxlayaraq həm daha az səhvlərə yol verən, həm də lazım gəldikdə avtonom şəkildə istehsal şablonlarını dəyişə bilən mexanizm şəbəkəsi yaratmağa çalışırlar. Səmərəlilik isə brak məhsulun və boş dayanmaların azaldılması ilə, ən əsaslısı isə, hazır məhsulun vahid istehsal platformasının bir hissəsi kimi çıxış edən İnternet mağazasında əvvəlcədən satılmış olması ilə əldə olunur. Yəni, əvvəl sifariş, sonra istehsal. Üstəlik, bütün bunlar tez bir vaxtda, onlayn rejiminin sürətinə müvafiq qaydada baş verir.
Demək olar ki, INDUSTRY 4.0 termini avtomobillərdən başlayaraq mətbəx tosterlərinə qədər İnternetə qoşulan hər cür məişət əşyalarını nəzərdə tutan «Əşyaların İnterneti»nin (İoT) istehsalına uyğun gəlir. Bu, istehsalata tamamilə yeni, tamamilə fərqli yanaşmadır. Nə nəhəng istehsalat sahələri, nə də bahalı avadanlıq. Əlbəttə, bununla belə, iri metallurgiya və kimya müəssisələri darhal bağlanmayacaq və hələ ki, müəyyən müddət ərzində xam materiallar və yarımməhsullar istehsal etməyə davam edəcək.
Öz sıralarında iri sənayeçiləri, süni intellekt üzrə ekspertləri, habelə iqtisadiyyatçıları və akademikləri birləşdirən Industrie 4.0 Working Group-un hesabatında qeyd olunur: «istəsək də, istəməsək də, INDUSTRY 4.0 dünyanı fəth etməlidir və artıq bunu etməyə başlayıb». Almaniya höküməti bu fikri dəstəkləyir və milləti hazırlamaq üçün «yüksək texnoloji strategiya»nı qəbul edir. ABŞ da öz növbəsində Almaniyanı örnək alaraq 2014-cü ildə General Electric, AT&T, IBM və Intel kimi sənaye liderlərinin başçılıq etdiyi Industrial Internet qeyri-kommersiya konsorsiumu yaratdı. Bu sahədə Çin də əsla geri qalmır.
Bütün deyilənlərə baxmayaraq, INDUSTRY 4.0 hələ də öz simasının qeyri-müəyyənliyini qoruyur. Konsepsiya üzərində ciddi elmi-tədqiqat işləri aparılmağa davam edir. Odur ki, gələcəyin necə olacağı hələlik naməlumdur. Amma elə bugün dəbdə olan, ətrafında böyük səs-küy qoparılan «Əşyaların İnterneti»ni misal gətirmək kifayətdir. Özünüzə belə bir sual versəniz: «Əşyaların İnterneti» adlanan bir şey varmı? Varsa, onu «İnsanların İnterneti»ndən ayırmaq lazımdırmı? INDUSTRY 4.0-ın cavabı belə olacaq: bəli!
Eyni zamanda, aydındır ki, «ağıllı ev», «ağıllı fabrika», «ağıllı şəhər» ilə insanlar arasında sıx bir əlaqə olmalıdır. Aşağıda sadaladıqlarımız qəbul olunub-olunmaya bilər, amma istənilən halda qətiyyən nəzərdən qaçırılmamalıdır:
- Telekommunikasiya sahəsində və İnternetdə əldə olunmuş nailiyyətlərin demək olar ki, heç birinin real dünyada analoqu yoxdur. Digər tərəfdən, real dünyadan İnternetə mexaniki olaraq keçirilmək istənilən hər şey bir qayda olaraq uğursuzluğa düçar olur. Misal üçün, teleqram telekommunikasiya mühitində sadə məktub forması kimi qəbul olunmur, çünki onun üslubu epistolyar janra uyğun gəlmir. Qəzetlər isə İnternet xəbər agentlikləri tərəfindən məhv edilib. Qəzetlər hələ bir müddət yaşamağa davam edəcək, amma artıq bugün heç yerdə klassik üslubda nəşr edilmir. Kitabxanalar kütləvi şəkildə axtarış sistemlərinin içinə yerləşdirilib. Sosial şəbəkələrin isə real həyatda yerli-dibli analoqu yoxdur.
Bütün bunların ən sadə izahatı odur ki, yeni texnologiyalar adət etdiyimiz gerçəklərə daha əvvəl görülməmiş imkanlar qazandırır, beləliklə, yeni texnologiyaları köhnə şeylərə uyğunlaşdırmağın nə bir mənası, nə də faydası yoxdur. Bəlkə də məhz buna görədir ki, «ağıllı ev» konsepsiyası arzuedilən səviyyəyə çata bilmir. Bu məsələ üzərində baş sındıranlar hələ də məişət texnikasını «yandırıb-söndürmə» səviyyəsini geridə qoyub irəliləyə bilmirlər. «Yandırıb-söndürmə» məsələsi nə qədər əyləncəli olsa da, hələ ki, qənaət illuziyasıdan və sizi divandan qalxıb cihaza yaxınlaşmaqdan məhrum edən «rahatlıqdan» başqa bir şey vermir. «Əşyaların İnterneti» inqilabının ciddi bir təkana ehtiyacı var. Bu təkanın real həyatda hələ ki, nə bir analoqu, nə də onun meydana gələ biləcəyinə dair bir dəlil yoxdur.
- INDUSTRY 4.0-ın əsl dəyəri «kiber-fizika sistemi»nin bir cüt ayaqqabı istehsal edə bilməsində deyil. Onun əsl qiyməti çoxsaylı CPS arasındakı qarşılıqlı əlaqədə, həmin CPS-lərin insan köməyi ilə ətraf mühitə uyğunlaşaraq optimallaşma və dəyişmə qabiliyyətindədir. Kiçik bir örnək gətirək:
- İnternet mağazasına girib özünüzə ayaqqabı seçirsiniz. Hələ tam olaraq nə istədiyinizi bilməsəniz də, süni intellekt sizə üstünlük verdiyiniz xüsusiyyətlərə, ayağınızın ölçüsünə, mövsümə, iqlimə və digər amillərə görə müxtəlif variantlar təklif etməyə başlayır. Misal üçün, bu yaxınlarda axtarış sistemində marafonla maraqlandığınızı bilən süni intellekt sizə dərhal ayağınızın ölçüsünə uyğun kross ayaqqabısı təklif edəcək.
- Bu kross ayaqqabısının bütün xüsusiyyətləti sizə uyğunlaşdırılacaq: rəngi də, növü də, altlığı da, hətta cibinizə də, çünki sistem sizin gəlir səviyyənizi də bilir. Dünyanın dörd bir yanındakı anbarlarda mövcud olan hazır çeşidlərdən biri sizə uyğun gələrsə, dərhal sizə təklif olunacaq. Yox, əgər belə bir çeşid tapılmasa, sistem qiymətini ödədiyiniz sifarişi ən yaxın, eləcə də sosial şəbəkədə siz və dostlarınız tərəfindən ən yüksək reytinq qiyməti qazanan istehsalçıya göndərəcək. Əlbəttə, burada bir neçə istehsalçı arasında keçiriləcək kiçik auksionu da unutmayaq. Bir neçə saniyə içində keçiriləcək bu seçmənin nəticəsinə görə sifarişiniz ən uyğun istehsalçıya veriləcək.
- Sifariş qəbul olunub istehsal növbəsinə alınacaq. Tələb olunan xam materialın tədarükçüsü, yenə də auksionla müəyyənləşdiriləcək. Logistika şirkəti də həmçinin konkurs üsulu ilə seçiləcək və həmin şirkət məhz bir cüt ayaqqabınız üçün tələb olunan materialı gətirib çatdıracaq.
- Ayaqqabı avtomatlaşdırılmış qaydada istehsal olunub şəxsən sizə çatdırılacaq. Təbii ki, çatdırılma xidmətini göstərən şirkət də auksion yolu ilə təyin olunacaq. Sizin ünvana yaxın bölgədən alınan digər sifarişləri, ya da gələn həftə üçün özünüz verdiyiniz digər şəxsi sifarişləri nəzərə almaqla hansısa çatdırılma şirkəti ən ucuz qiyməti təklif edib auksionu qazanacaq. Gələn həftəyədək gözləyə bilərsiniz? Elə isə, çatdırılma qiymətinə 70% endirim tətbiq olunacaq.
- Vəssəlam? Hələ ki, yox! İstehlakçıya geri dönüşü unutduq. Sifarişinizi təhvil alanda sizə bir anket doldurub bunun əvəzində bonus qazanmağı təklif edəcəklər. Buyurun, indi «vəssəlam» demək olar.
Bu silsilədən keçərkən enerjiyə 30%, materiallara (Material usage) 40% , vaxta isə 13% qənaət olundu. Life cycle management dəyəribiçilməz təcrübə qazanaraq onu Artificial Intelligence sisteminə əlavə etdi. Növbəti sifarişiniz 0,001% qədər daha effektiv olacaq. Yüz milyardlarla sifarişlərə vuranda bu, milyardlarla təmiz mənfəət deməkdir.
- İndi isə məqaləmizi başladığımız yerə — telekommunikasiya, İnternet və onların gələcəkdə yeri haqqında məsələyə qayıdaq. Birmənalı olaraq, telekommunikasiya və İnternet həm INDUSTRY 4.0, həm də «Əşyaların İnterneti» konsepsiyalarında mərkəzi rol oynayır. Burada hələ 25 illik inkişaf ehtiyatı var. İndidən dərk etmək lazımdır ki, rabitənin, məmur dili ilə desək, təkçə «hamıya eyni dərəcədə əlçatan olması» ilə məsələ həll olunmayacaq. Məsələ rabitənin strateji əhəmiyyətli sahə olmasında da deyil. Bunların hamısı adi ştamplardır. Məsələ bəşəriyyətin rabitə və İnternet olmadan yaşamasının artıq mümkün olmamasındadır. Bu isə, aksiomadır.
İstinad: http://nag.ru