spot_img
19 апреля, 2024
ДомойТелекомСтатьиSamsung CIS Forum 2015: İnnovativ məhsullar və yeni rekordlar

Samsung CIS Forum 2015: İnnovativ məhsullar və yeni rekordlar

12-14 fevral tarixlərində Samsung şirkəti Türkiyənin Antalya şəhərində Rusiya və MDB bazarı üzrə ötən ilin yekunlarına və yeni məhsulların tanıtımına həsr olunmuş forum keçirib. Tədbirdə dünya miqyaslı texnoloji qurğular istehsalçısı Rusiya, Ukrayna, Belarusiya, Qazaxstan, Gürcüstan, Azərbaycan və digər MDB ölkələrini təmsil edən tərəfdaşlarına, habelə media mənsublarına cari ilin yeni trendləri barədə məlumat verib.

18

Forum çərçivəsində iştirakçıların diqqətinə əsasən yeni məişət texnikası məhsulları təqdim olunub. Bunların arasında yeni Tizen əməliyyat sistemi ilə təchiz edilmiş qövsvari dizaynlı SUHD TV-ni, Android əməliyyat sistemi ilə idarə olunan və çap aləminin gələcəyini dəyişdirəcək MultiXpress 4-ü, yeni Galaxy A seriyasından zərif dizaynlı smartfonları, yüksək keyfiyyətli fotoaparatları, son texnologiyalar əsasında yaradılmış geniş həcmli soyuducuları, paltaryuyan maşınları, simsiz idarə edilən ağıllı POWERbot VR9000 tozsoranı, innovativ səs sistemlərini qeyd etmək olar.

Forumun açılış hissəsində Samsung Electronics şirkətinin prezidenti B.K.Yun bütün tədbir iştirakçılarını şirkətin bu ilki ən böyük forumunda salamladı və Samsung şirkətinin lider mövqelərini Rusiya və MDB ölkələrində iqtisadi çətinliklərə baxmayaraq uğurla qoruyub saxlayan ölkə nümayəndələrinə şəxsi təşəkkürünü bildirdi. Şirkətin başçısı öz çıxışını bu sözlərlə tamamladı: «Samsung müasir istehlakçıların aktual ehtiyaclarından çıxış edərək həmişə ən yaxşı istifadəçi təcrübəsini təqdim etməyə çalışır və bu gün biz Rusiya və MDB bazarına ən yaxşı həllərimizi nümayiş etdirməyimizə çox şadıq».

1

TV məhsullarında yeni trendlər. Samsung şirkəti hər zaman öz müasir və innovativ TV xətti ilə seçilib. Bu dəfəki yenilik təqdim olunan Smart TV və SUHD xəttinin Tizen əməliyyat sistemi ilə təchiz olunmasıdır. İctimaiyyətə keçən il təqdim olunan eyni əməliyyat sistemli smartfondan sonra artıq ağıllı televizorlar da həmin sistem üzərində işləyəcək və daimi olaraq yeni proqramlar və imkanlarla təmin olunacaq. Smart TV istifadəçilərinin ehtiyacları nəzərə alınaraq artıq bir çox imkanlar yenilənib. Forumda çıxış edən Samsung şirkətinin Rusiya nümayəndəliyinin audio və videoqurğular departamentinin rəhbəri Dmitri Kartaşovun qeyd etdiyi kimi, «Tizen əməliyyat sistemi ilə təchiz olunduqdan sonra ağıllı televizorların istifadəsi daha da rahat, idarə olunması daha da sürətli olacaq».

Digər tərəfdən, yenilənmiş SmartHub-ın istifadəçi interfeysi daha da asanlaşıb. Bütün menyunun bir ekranda əks olunması ilə ən aktual məzmunu, o cümlədən, son istifadəçi baxışlarını və fərdiləşdirilmiş tövsiyələri əldə etmək üçün rahat naviqasiya və sürətli giriş təmin olunub. QuickConnect funksiyası və Bluetooth Low Energy texnologiyası sayəsində yeni Samsung Smart TV televizorları sinxronlaşdırılmış mobil qurğulara avtomatik qoşula bilir. İstifadəçilər seçdikləri film və televiziya verilişlərinə ev şəbəkəsi daxilində öz mobil qurğularına əlavə proqram yükləmədən və heç bir mürəkkəb düzəliş etmədən istənilən yerdə baxmaq imkanına malik olacaqlar.

2

MDB bazarı üçün xüsusi SafeHome proqramı hazırlanmışdır. Samsung SafeHome ev sahibi evdə olmadığı vaxt otaqda hər hansı hərəkət barədə ona xəbər verə bilir. Proqram işə salındıqdan sonra televizorun qarşısındakı hər hansı hərəkət dərhal SafeHome tərəfindən qeydə alınır, hərəkət edən cismin bir və ya bir neçə ardıcıl fotoşəkli çəkilib istifadəçinin elektron poçt ünvanına, ya da Facebook profilinə göndərilir. Beləliklə, istifadəçi evdə kiminsə hərəkət etdiyi barədə xəbərdar olur və lazım gəldikdə operativ tədbir görə bilir. Samsung Smart TV televizor sahibləri yeni Briefingon TV xidmətindən istifadə edib səhərlər yuxudan daha asan oyana biləcəklər. Bu xidmət mobil qurğu ilə sinxronlaşdırıldıqdan sonra istifadəçiyə zəngli yuxudan oyatma funksiyası ilə yanaşı bir sıra mühüm məlumatları, o cümlədən, gündəlik görüləcək işlər cədvəlini, hava proqnozunu, habelə cari vaxt haqqında məlumatı təqdim edə biləcək. Samsung Sports Live xidməti isə idman yarışmasını izləyərkən eyni ekranda komandaların heyətləri və statistikasına baxmaq imkanını yaradır.

9 il boyunca TV kateqoriyasında dünya lideri olan Samsung Electronics şirkəti bu dəfə innovativ SUHD TV məhsul xəttini təqdim etdi. Samsung şirkətinin tətbiq etdiyi yeniliklər ultra clear (UHD) premium məzmunun izlənilməsi üçün televizor istehsalı sahəsində yeni standartlar yaradır. İnnovativ Samsung SUHD televizorlarının yaradılması UHD-texnologiyasının inkişafında vacib addımlardan biridir. «S» hərfi ilə Samsung şirkəti özünün bir addım öndə gələn ən yaxşı flaqman qurğularını və premium sinfinə daxil məhsullarını işarələyir. Yeni Samsung SUHD TV tamaşaçıları yüksək funksionallığı, zərif dizaynı və əla görünüş keyfiyyəti ilə heyran edəcək.

Yeni məhsullar əvvəlki nəsil televizorlarını görünüş keyfiyyəti və misilsiz parlaq rəngləri ilə xeyli üstələyir. Forum iştirakçıları burada SUHD ilə yanaşı xüsusi stenddə quraşdırılmış daha əvvəlki nəsil televizorda eyni kadrların görünüş keyfiyyətindəki fərqi gözləri ilə müşahidə etdilər. Bu fərqi siz də internet üzərindən və ya Samsung brend mağazalarından birində müşahidə edə bilərsiniz.

3

Samsung SUHD TV televizorlarının rəngləri hər nöqtənin ölçüsünə görə ötürən yarımkeçiricili nanokristal ekranı bu gün ən yaxşı işıq ötürməsini və rəng dəqiqliyini təmin edir. Bu texnologiya sayəsində Samsung şirkətinin yeni televizorları rəng ötürmə dəqiqliyinə görə adi televizorlardan 64 qat daha üstündür. SUHD prosessoru görünüş parlaqlığını avtomatik sazlayıb enerji istehlakını minimallaşdırır və eyni zamanda kontrastlılığı yüksək səviyyədə təmin edir. Bu texnologiya sayəsində yeni Samsung televizorları adi televizorlardan 2,5 dəfə daha parlaq, qara rəng çalarları daha aydındır. Yeni cihazlarda rənglərin daha dəqiq ötürülməsi üçün əvvəlkilərə nisbətən ikiqat sayda rəng tənzimləmə nöqtəsi mövcuddur.

Samsung şirkəti Hollivudun aparıcı «20th Century Fox» studiyası ilə əməkdaşlıq çərçivəsində məzmunları SUHD keyfiyyəti standartlarına uyğunlaşdırmağa nail oldu. Bu addım istifadəçilərə UHD məzmununu misilsiz keyfiyyətlə izləmək imkanını yaradır. Belə ki, birgə səylərlə «Pinin həyatı» filmi tam olaraq yeni SUHD televizorları üçün optimallaşdırılıb. Nəticə isə hamını heyran edib: film daha parlaq və canlı, səhnələr daha realistik olub.

Bununla yanaşı qeyd edək ki, Samsung SUHD TV televizorlarının istehsalında ekologiya baxımından təmiz texnologiyalar istifadə olunub, bununla da yeni məhsul öz sinfində etibarlılığı və ən yüksək enerji effektivliyi ilə fərqlənib.

Samsung SUHD TV innovativ televizorlar üç seriyada buraxılır: JS9500, JS9000 və JS8500. İstifadəçilərin fərqli ehtiyaclarını təmin etmək üçün model xətti 48 düymdən 88 düymə qədər doqquz müxtəlif diaqonal ölçüsü ilə təqdim olunur.

4

Sərgidə istirakçıların diqqətinə ötən il istehsal olunmağa başlayan ən böyük qövsvari dizaynlı UHD-televizor Samsung 105″ U9500 Curved UHD TV də təqdim olundu. Geniş ekran və qövsvari dizayn xüsusiyyətlərini özündə birləşdirən bu cihaz 21:9 ölçülü ev kinoteatrı funksiyasıyla qonaq otağında kinematoqrafik effekt yaradır. 5120×2160 ölçülü ekran sayəsində istənilən məzmuna 4K, Full HD və ya HD keyfiyyətində tamaşa etmək mümkündür. Bundan əlavə, televizorda qurulmuş Auto Depth Enhancer texnologiyası sayəsində üç ölçülü formatdakı filmlərə 3D eynək taxmadan baxmaq olar.

5

Samsung televizorlarının UHD keyfiyyəti görünüşün dərin detallaşdırmasını və rənglərin dəqiq əks etdirilməsini təmin edir. PurColor və UHD Upscaling kimi texnologiyalar sayəsində görünüş HD və Full HD-dən 4K UHD formatına çevrilə bilər. Instant On funksiyası vasitəsilə televizoru anında işə salmaq olar.

360 dərəcəlik akustika. Sərgidə iştirakçıların diqqətinə Samsung şirkətinin yeni audioqurğu konsepsiyasını əks etdirən WAM7500/6500 markalı simsiz audiosistem təqdim olundu. Səsi müəyyən istiqamətə yönəldən adi səs qurğularından fərqli olaraq WAM7500/6500 səsi eyni anda bütün ətrafa yaya bilir. Dinləyici otağın harasında olursa olsun o, yüksək keyfiyyətli səs effektlərindən eyni dərəcədə həzz alacaq. Bu audioqurğuların yaradılması yüksək və aşağı tezliklərin arasında mükəmməl balans təmin edilməsi, eləcə də səsi 360 dərəcə radiusda yaymağa imkan verən Ring Radiator texnologiyası sayəsində mümkün olub.

6

WAM7500/6500 qurğuları Samsung şirkətinin Kaliforniya ştatında yerləşən qabaqcıl «Valensiya» audiolaboratoriyası ilə birgə hazırlanıb. Yüksək keyfiyyətli materiallardan hazırlanmış bu audioqurğular zərif zahiri görünüşü sayəsində istənilən interyerin bəzəyi sayıla bilər. Səs sütunları iki variantda təqdim olunur: stasionar (WAM7500 modelində) və portativ (WAM6500 modelində). Portativ reproduktorlar daxili akkumulyatorla təchiz olunub və bunun sayəsində WAM6500 istənilən yerdə işə salına bilər. Hər iki modeli televizora, səs barına və ya mobil qurğuya asanlıqla qoşmaq olar.

Yeni innovativ qurğularla yanaşı keçən ilin ortalarında istehsal olunmağa başlamış HW-H7500 audio barlarının yeni 8500, 6500 və 6000 versiyaları 45-78 düym ölçülü qövsvari televizorlar üçün optimallaşdırılıb. Yeni 8500 seriyasının 9.1-kanallı qurğuları səs barının mərkəzi dinamiki və hər iki tərəfində yerləşdirilmiş əlavə yan dinamikləri sayəsində səsi maksimal keyfiyyətlə ötürür. Belə geniş və dərin əhatəli səs sistemi ilə təchiz olunmuş qövsvari Samsung televizorlarında tamaşaçı filmləri sanki reallığa qərq olaraq izləyir.

Multifunksional qurğuların innovasiyası. MFQ və çap qurğuları sahəsində müxtəlif uğurlara imza atan Samsung bu il yeni Smart MultiXpress 4 xəttini də təqdim etdi. Orta və böyük biznesin aktual ehtiyaclarına əsaslanaraq istehsal olunmağa başlayan yeni məhsullar yüksək effektivliyə malik olması ilə yanaşı müasir ağıllı ofislərdə iş sürətinin artmasını təmin edir.

«Samsung MultiXpress 4 xətti müəssisələrdə məhsuldarlığı və effektivliyi yüksəltmək, xərcləri isə azaltmaq yönündə yorulmadan apardığımız fəaliyyətimizin nəticəsidir». Bunu Samsung Electronics şirkətinin çap məhsulları satışı və strateji marketinq bölməsinin böyük vitse-prezidenti Devid Sonq bildirib.

7

Müasir ofislər getdikcə mobilləşir, artıq ofis işçiləri istənilən qurğu ilə istənilən yerdə işləmək imkanına sahib olmaq istəyirlər. Bu tələblərə cavab vermək üçün Samsung yeni MultiXpress 4 modelində çap və skanetmə proseslərinin yüksək sürətini və üstün keyfiyyətini simsiz qoşulma funksiyası ilə həmahəng şəkildə cəmləşdirib. İkinüvəli 1 GHz prosessor ilə təchiz olunmuş MFQ çap və skan işinin, eləcə də faks göndərmə və qəbuletmənin öhdəsindən rahatlıqla gələ bilir. Qurğu yuxu rejimindən cəmi 23 saniyə kimi qısa müddət ərzində çıxarılır. Modellər tam sürətdə 1200 dpi (rəngli MFQ) və ya 600 dpi (monoxrom MFQ) optik ölçüdə çap edə bilir. Bu məhsul xəttinə aid olan qurğular bir səhifəni ağ-qara formatda 1,7 saniyə, rəngli çapı isə (modeldən asılı olaraq) 2 saniyəyə yaxın vaxt ərzində həyata keçirir. Seriyanın bütün modelləri yüksəkkeyfiyyətli çap üçün Rendering Engine for Clean Page, ReCP (Mükəmməl çap üçün yaxşılaşdırılmış renderləşdirmə) texnologiyasıyla təchiz edilib.

4800 dpi interpolyasiyalı ölçü təmin edən Samsung MultiXpress 4 modelləri ikiqat Dual-Scan ADF skanetmə texnologiyasıyla təchiz edilib. Bu texnologiya vasitəsilə MultiXpress 4 dəqiqədə (modeldən asılı olaraq) 80-ə qədər monoxrom/rəngli birtərəfli, 120-yə qədər monoxrom ikitərəfli və ya 100-ə qədər rəngli ikitərəfli səhifə skan etmək gücünə malik olduğundan öz sinfində ən yaxşı skanetmə sürətini təmin edir. Nəticədə skanetmə prosesinə sərf edilən vaxt əhəmiyyətli dərəcədə azalır.

Samsung Smart UX Center istifadəçi interfeysi 10,1 düymlük Android ekranı sayəsində sadə çap işindən savayı həmçinin sənədləri elə qurğu başında ikən gözdən keçirmək, hətta redaktə etmək imkanı yaradır. Bundan əlavə, interfeys PK vasitəsilə internetdən lazımlı sənədi tapıb əlavə vaxt itirmədən çapa göndərmək mümkündür. İstifadəçilər həmçinin Samsung Mobile Print App proqramından istifadə edib interfeysi çap etmək məqsədilə fərdiləşdirə bilərlər. Samsung MultiXpress 4 xəttinə aid modellərini Wi-Fi və ya NFC vasitəsilə simsiz rejimdə idarə etmək və sənədləri asanlıqla istənilən mobil qurğudan printerə çap üçün göndərmək olar. Qeyd edək ki, Samsung Smart UX Center interfeysi bütün populyar bulud xidmətlərini dəstəkləyir və bununla da istifadəçiyə iş sahəsinin maksimal çevikliyini təmin edir. Nəyahət, təhlükəsizliyi artırmaq üçün müəssisələr yalnız səlahiyyətli mobil telefonlar vasitəsi ilə istifadəçinin müəyyənləşdirilməsi funksiyasından yararlana bilər. Belə halda sənədlərin çapını yalnız səlahiyyət almış istifadəçilər həyata keçirə bilərlər. Çapetmə qabiliyyətinə gəldikdə isə, Samsung MultiXpress 4 qurğuları ayda 120 000 səhifəyə qədər çap etmək imkanına malikdir.

8

Samsung MultiXpress 4 xəttində A3 formatını dəstəkləyən 2 yeni MFQ modeli var:

— Rəngli A3 MultiXpress X4300LX dəqiqədə 30 səhifə çap sürətinə malikdir. X4300LX məhsuldarlığı ayda 120 000 səhifəyə qədər təşkil edir. Tonerin resursu 23 000/20 0000 səhifə (Qara/CMYK), fotobaraban — 100 000 səhifəyə qədər (CMYK), çıxartma bloku — 300 000 səhifə.
— Monoxrom MultiXpress K4350LX dəqiqədə 35 səhifə çap edə bilir. Tonerin resursu 25 000/35 0000 səhifə (Standart/Yüksək), fotobaraban — 200 000 səhifəyə qədər, çıxartma bloku — 400 000 səhifə.

Samsung MultiXpress 4 xəttinin bütün modelləri enerjidən minimal istifadə edir, çapetmədə qənaətli, ekologiya baxımından təmizdir. Bundan əlavə, yeni məhsul xətti əlavə server dəstəyi tələb etmədən SyncThru Web Service xidməti vasitəsilə asanlıqla qurula bilir. Standart və MFU quraşdırılması cəmi 12 dəqiqə vaxt tələb edir. Qurğunun əlavə üstünlüklərindən sənədlərin avtomatlaşdırılmış şəkildə deşmə və steplerlə tikilmə funksiyası, habelə buklet istehsal modulu qeyd olunmalıdır.

Galaxy A ailəsi. Son illər Samsung geniş məhsul çeşidi ilə mobil bazarda liderliyini əldə saxlamaqdadır. Samsung şirkətinin Rusiya və MDB ölkələrində fəaliyyəti ilə bağlı çıxışında şirkətin Rusiya nümayəndəliyi mobil telefonlar departamentinin rəhbəri Arkadi Qraf bildirib ki, Samsung smartfon xəttini ixtisar edib yalnız 5 model xətti ilə kifayətlənəcək. Bu, o deməkdir ki, yeni məhsulların istehsalı A, E və J xəttləri, eləcə də flaqman S və Note ailələri üzrə davam edəcək. Alpha xətti isə inkişaf etdirilməyəcək.

2014-cü ilin noyabrında ictimaiyyətə təqdim edilmiş zərif metal dizaynlı GALAXY A modelləri sosial şəbəkələri dəstəkləməsi daxil ən qabaqcıl funksiyaları birləşdirir. A3, A5 və A7 modelləri Samsung məhsulları arasında ən nazik smartfonlardır. Zərif bütöv metal korpusa malik bu modellər sırası ilə cəmi 6,3, 6,7 və 6,9 millimetr qalınlıqdadır. 5 MP-lik ön kamera ilə təchiz edilmiş yeni smartfonlar keyfiyyətli özçəkim (selfi) çəkmək üçün çox rahatdır. Fotokamerada bir sıra innovativ həllər tətbiq olunub. Bunların arasında genişbucaqlı özçəkim, jestlə idaraetmə (Palm Selfie), animasiyalı GIF-fayl çəkmə, fotoşəkli yaxşılaşdırma (Beauty Face), həmçinin arxa kamera ilə özçəkim funksiyaları yer alır. Bundan əlavə, yeni smartfonların kamerası insan üzünü avtomatik müəyyən edib ona fokuslanır. Müasir LTE-şəbəkələrin imkanlarından faydalanaraq smartfon istifadəçiləri internetə daxil olub istədikləri foto və ya video faylları sürətli şəkildə sosial şəbəkələrdə yayımlaya bilərlər. A3 smartfonu 8 MP-lik, A5 və A7 modelləri isə 13 MP-lik arxa kamera ilə təchiz olunub.

9

Galaxy A seriyası praktik və funksional smartfonlara üstünlük verən gənc istifadəçilər üçün həqiqətən mükəmməl sayıla bilər. Hər üç smartfon Adaptive Display texnologiyası əsasında yaradılan parlaq Super AMOLED ekran ilə təchiz olunub. A3 və A5 smartfonları dördnüvəli 1.2 GHz, A7 smartfonu isə iki ədəd dördnüvəli 1.5 GHz (A53) və 1.0 GHz (A53) prosessor ilə təchiz olunub. Galaxy A7 smartfonunun 2 GB fiziki yaddaşı, 16 GB yaddaşı və 2600 mAs batareyası istifadəçiyə geniş imkanlar verir. Smartfona inteqrasiya edilmiş ikinci SIM-kart və ya microSD daşıyıcısı üçün nəzərdə tutulmuş hibrid slotu isə sözsüz ki, istifadəçilər tərəfindən müsbət qiymətləndiriləcək.

Galaxy A smartfonları enerjiyə maksimal qənaət rejimi, Private Mode qorunma rejimi, çoxpəncərəli rejim, qurğunu mühitə görə uyğunlaşdırma rejimi kimi bir sıra məşhur eksklüziv funksiyalarla təchiz olunub.

10

Samsung GALAXY A3, A5 və A7 smartfonları estetik və zərif dizayna, ümumiyyətlə dəbə əhəmiyyət verən insanlar üçün əvəzedilməzdir. Zərif bütöv metal korpuslu Galaxy A smartfonları sahibinin rəğbətini yalnız xarici görünüşü ilə deyil, eləcə də toxunuşda yaratdığı təəssüratla qazanır. Məhsul xəttində üç modelin olması istifadəçiyə geniş seçim imkanı yaradır. Samsung Galaxy A3, A5 və A7 smartfonları hal-hazırda şəhərimizdə də satışa çıxarılıb.

Ağıllı tozsoran və ya ev təmizliyində yeni era. Uzun illər boyu bir çox şirkətlər robot-tozsoranların ev təmizləməsi prosesini əsaslı şəkildə dəyişdirəcəyini söz verir, amma bu sözü tam mənasında yerinə yetirə bilmirdi. Çünki robot-tozsoranların bütün əvvəlki nəsilləri xalça təmizlənməsi məsələsinin öhdəsindən sərt döşəmələrin təmizlənməsi qədər yaxşı gələ bilmirdi. Amma vəziyyəti kökündən dəyişən Samsung POWERbot VR9000 artıq həm sərt, həm də xovlu səthləri eyni effektivliklə təmizləyir.

POWERbot VR9000 modelinin yüksək səmərəlilik və funksionallıq baxımından robot-tozsoranlar arasında analoqu yoxdur. Digital Inverter Motor texnologiyası sayəsində yeni tozsoran Samsung şirkətinin istehsal etdiyi əvvəlki robot-tozsoranlarının sorma gücünü tam 60 dəfə üstələyir. Maksimal effektivliyə sahib olan yeni robot-tozsoran xalçanın xovları arasından nəinki tozu, eləcə də çirki də çəkib çıxadır. POWERbot-un 10 santimetr artırılmış fırçaları əvvəlki modellərdə istifadə olunan narahat yan fırçalardan imtina etməyə, maksimal geniş sahəni, o cümlədən, çətin yerləri effektiv şəkildə təmizləməyə imkan verir. Böyük mərkəzdənqaçan qüvvə yaradan inqilabi CycloneForce texnologiyası evi və havanı çirk və tozdan effektiv şəkildə təmizləməyə imkan verir.

12

POWERbot VR9000 innovativ robot-tozsoranı başqalarından fərqləndirən daha bir xüsusiyyət isə onun maksimal manevr qabiliyyətidir. FullView SensorTM adlı ətrafın skan edilməsi texnologiyası tozsoranın yolunda ən xırda maneələri müəyyən etməyə imkan verir. Robot-tozsoranda quraşdırılmış çiplər, tənzimedicilər və rəqəmsal kamera Visionary Mapping Plus texnologiyası evin tam xəritəsini çəkib təmizləmənin ən effektiv marşrutunu planlaşdırır. Beləliklə, robot-tozsoranın yolundakı uşaq oyuncağı və buna bənzər digər obyektlər artıq avtomatik təmizləməni dayandıra bilməyəcək. Bundan başqa, Easy PassTM artırılmış təkərləri və azca qaldırılmış korpusu yeni Powerbot VR9000 tozsoranının hərəkət etməsini əhəmiyyətli dərəcədə asanlaşdırıb. Daha bir inkişaf etmiş funksiya isə Point CleaningTM texnologiyasıdır: məsafədən idarəetmə pultu ilə istifadəçi tozsoranın izlədiyi işıq şüasını istədiyi səmtə yönəldə bilər.

Təmizləmə prosesi başa çatdıqda və ya akkumulyator boşaldıqda qurğu özünu yenidən yükləmək üçün dok-stansiyaya qayıdır.

11

İnnovativ Samsung POWERbot VR9000 tozsoranı bu ilin yaz aylarında satışa çıxarılacaq.

Yeni nəsil mətbəx. İstehlakçı elektronikası və məişət texnikası sahəsində də qlobal lider olan Samsung mətbəx üçün geniş innovativ həllər təqdim edib. Genişləndirilmiş imkanlar və qabaqcıl istifadəçi təcrübəsini təmin edən yeniliklər arasında bir sıra yeni məhsul, o cümlədən, Samsung Dual Door™ texnologiyası ilə təchiz olunmuş məşhur Flex Duo™ mətbəx plitələrinin yenilənmiş xətti, Virtual Flame innovativ texnologiyaya əsaslanan Slide-In Induction Samsung Chef Collection induksiya plitələri xətti, estetik görünüşü və məhsuldarlığı ilə fərqlənən dördqapılı Samsung T9000 soyuducusu tanıdılıb. Sərgidə həmçinin Samsung «Club des Chefs» innovasiya proqramı təqdim olunub. Bu proqram istehlakçılara evdən çıxmadan dünyanın ən yaxşı aşpazlarının bacarıqları ilə yaxından tanış olmaq imkanı yaradır. Proqramda məhşur aşpazların məsləhətləri və Samsung şirkətinin kulinariya partnyorlarının, o cümlədən, BigOven restoranları və nəşrləri, Bon Appétit, Chefs Feed, Saveur, Amerika Aşpazlıq İnstitutunun (Culinary Institute of America) reseptlərini tapmaq olar. Qeyd edilənlərə əlavə olaraq «Samsung Chef Collection App» istifadəçilərə aşpazların iştirakı ilə hazırlanmış müxtəlif öyrədici videoçarxları təqdim edib onlara əvəzsiz aşpazlıq təcrübəsi qazanmağa kömək edəcək. Proqramı təxminən 2015-ci ilin cari mart ayından başlayaraq əldə etmək olacaq.

17

Samsung Chef Collection. Aşpazlıq sahəsində aparılan araşdırmaların nəticəsi olaraq meydana gələn bu kolleksiyaya növbəti məhsullar daxil olunub, o cümlədən:

— Soyuducular. Aşpazların arzu və tələbləri nəzərə alınaraq yaradılan Samsung Chef Collection soyuducuları müasir mətbəxin istənilən dizaynına asanlıqla inteqrasiya olunur, Precise Chef Cooling texnologiyası sayəsində müəyyən edilmiş temperaturun qorunmasını təmin edir, məhsulların təravətini və dadını maksimal saxlamağa imkan verir.
— Dolab sobası. Gourmet Vapor texnologiyası dolab sobası daxilində dəqiq temperatur qurmaq imkanı yaradır, yeməklərin peşəkar səviyyədə hazırlanmasını təmin edir. Virtual Flame Technology™ ilə üz səthin istiliyi barədə istifadəçiyə vizual məlumat təqdim edir, yeməyin yanmasına yol verməmək üçün dəqiq temperatur rejimi qurmağa kömək edir.
— Qabyuyan maşın. Samsung WaterWall™ modeli adi maşınlardan fərqli olaraq yuma kamerası içində güclü “su divarı” yaradır, həmin “divar” bir küncdən digər küncə hərəkət edərək qab-qacağın hər millimetrinə çata bilir.

Təqdimatı ötən il keçirilən Samsung T9000 soyuducusu məhsulların saxlanılması texnologiyası haqqında təsəvvürü köklü şəkildə dəyişdirmiş innovativ Samsung soyuducuları xəttinin çoxdan gözlənilən yeniliyi oldu. Estetik korpus dizaynına malik bu soyuducu müasir mətbəxin simasına harmonik şəkildə uyğunlaşaraq standart mətbəx qarniturları ilə asanlıqla sintez olunur. Üçqat Triple Cooling System soyutma texnologiyası soyuducu və dondurucu kameralarda üç ayrı axın yaradır, optimal rütubət səviyyəsini qoruyur, məhsulların maksimal təravətli qalması üçün ayrı-ayrı bölmələrdə temperaturun fərdi kontrolunu təmin edir.

14

Triple Cooling System texnologiyası həmçinin soyuducunun alt sağ bölməsinin təyinatını asanlıqla dəyişdirir. Belə ki, Cool Select Plus funksiyası bu bölmənin təyinatını soyuducudan dondurucuya və əksinə çevrilməsini təmin edir. Bu funksiya dörd temperatur rejimini dəstəkləyir. Modelin cari ilin yay aylarında satışa çıxacağı gözlənilir.

İlk dəfə 2013-cü ildə təqdim olunan Samsung Food Showcase soyuducu xətti yalnız qənaət etmək üçün deyil, həm də məhsulların ağıllı yanaşma ilə saxlanılmasına şərait yaradır. Food Showcase iki əsas zonaya bölünür. Bunlardan biri olan ShowCase zonası üç bölmədən ibarətdir və gündəlik istifadə olunan məhsulları əl altında tutmaq və lazım gəldiyində dərhal asanlıqla çıxarmaq üçündür, InnerCase adlanan digəri isə uzunmüddətli saxlanılan məhsulları yerləşdirmək üçün nəzərdə tutulub. Bu il Samsung şirkəti həmçinin təqdimatı daha əvvəl keçirilmiş Food Showcase model sırasına Side-by-Side tipli (dondurucu kamera soyutma kamerasından solda yerləşdirilir) kiçik dərinlikli modellər (Counter Depth) əlavə etdi. Bütün Food Showcase modellərinin qapıları iç tərəfdən soyuq havanı saxlayan xüsusi Metal Cooling örtüyü ilə təchiz olunub. Bunun sayəsində qapılar tez-tez açılıb bağlansa belə soyuducuda optimal temperatur mühafizə olunur və ərzaqlar təzə qalır.

Keçən il Samsung şirkəti soba şüşəsi vasitəsilə öz sinifində ən yaxşı görünüşə malik olan Clean View Door texnologiyalı, premium dizaynlı qaz plitələrinin təkmilləşdirilmiş modellərini təqdim etmişdi. 2015-ci ildə isə növbəti hədəf elektrik plitələri xəttinin təkmilləşdirilməsidir. Bu il şirkət öz məşhur ikiqapılı Dual DoorTM texnologiyası ilə təchiz edilmiş Flex DuoTM dolab sobaları xəttini inkişaf etdirmək barədə qərar qəbul edib. Flex DuoTM texnologiyası kimi Samsung Dual DoorTM texnologiyası da istehlakçıya bir sobada eyni anda müxtəlif temperaturda, qoxular qarışmadan iki müxtəlif yemək hazırlamağa imkan verir. Müxtəlif bölmələrə ayrıca daxil olmaq üçün nəzərdə tutulan yeni ikiqapılı sobanın yaratdığı imkanlar olduqca genişdir. Smart Divider ayırıcısı vasitəsilə üç fərqli bişirmə konfiqurasiyasını təyin etmək olar. İstifadəçilər üst bölməyə daxil olmaq üçün yalnız üst qapıcığı aça bilər (Samsung tərəfindən aparılan tədqiqata görə Samsung Flex Duo istifadəçilərinin 92%-i məhz sobanın bu hissəsinə üstünlük verirlər). Sobanın Smart Divider quraşdırılmış bölmələrinə və ya tamamına daxil olmaq üçün isə qapı tamamilə açılmalıdır. İstifadəçilər bölmələrin ölçülərini öz ehtiyaclarına görə artırıb azaldaraq nizamlaya bilər.

13

Daha effektiv xörək qızdırma xüsusiyyətinə malik induksiya plitələri bu gün dünyada böyük rəğbət qazanıb. Amma induksiya plitələrində indiyədək əhəmiyyətli çatışmazlıq mövcud idi: səthin qızdırılma səviyyəsi haqqında məlumat verilmirdi. CES Innovation Awards mükafatı laureatı Virtual Flame texnologiyası ilə təchiz olunmuş Slide-In Induction Samsung Chef Collection Range xətti induksiya plitələrinin inkişafında növbəti pillə olaraq bu problemi həll etdi. Şüşə səth altında quraşdırılmış LED-indikatorlar alov effekti yaradıb mətbəx qab-qacağında əks olunur. Virtual alovun intensivliyi qızdırma müddəti ərzində böyüyür. Ümumilikdə bu texnologiya istilik əlamətlərini doqquz müxtəlif səviyyəyə ayırır. Bununla da istifadəçiyə aydın vizual kömək göstərmək mümkün olur.

Fotokamera. Müxtəlif sahələrdə liderlik edən Samsung şirkəti foto sahəsində də ilk sıralardadır. Samsung CIS Forum 2015 tədbirində iştirakçıların diqqətinə yeni NX500 fotokamerası təqdim olunub. Bu model öz böyük Samsung NX1 güzgüsüz fotokamera modelinin ən əhəmiyyətli qabaqcıl xüsusiyyətlərini cəmləməyə nail olub. Belə ki, həmin kamerada öz sinfində ən yaxşı DRIMeV təsviri prosessor, yeni hibrid NX AF System III sistemi və 200 dpi ölçü üzrə A1 formatda çap etmək imkanına malik, yüksək ayırdetmə dəqiqlikli 28 meqapiksellik APS-C BSI CMOS sensor quraşdırılıb. Adi CMOS sensorlarla müqayisədə BSI sensoru obyektivdən matrisaya daha çox işığın daxil olmasını təmin edir və rəqəmsal səs-küyü (noise) azaltmağa imkan verir. Bu səbəbdən yeni NX500 kamera sahibləri yetərsiz işıqlandırma şəraitində belə keyfiyyətli şəkillər çəkə bilərlər.

15

Kameranın işığa həssaslığının standart diapazonu — ISO 100-25 600, seriya çəkiliş sürəti — 9 k/s-ə qədər, maksimal və minimal ekspoziya müvafiq olaraq 30 və 1/6000-dir. Bu kamera Samsung Auto Shot ağıllı avtomatik rejimlə yanaşı ənənəvi mexanik rejimləri də dəstəkləyir. Samsung NX500 fotoaparatı Wi-Fi 802.11b/g/n, Bluetooth və NFC inteqrasiya edilmiş modullar, 3 düymlük dönəbilən Super AMOLED sensor ekran, SD kart üçün giriş və Micro HDMI videoçıxış ilə təchiz edilib. Ölçü qabaritləri 120x64x43 mm, çəkisi 287 qramdır. Akumulyator batareyasının tam (1130 mAs) həmcdə dolması halında 370 şəklə qədər (CIPA metodikası üzrə ölçüyə əsasən) çəkiliş etmək gücünə sahibdir.

19

Bundan əlavə Samsung CIS Forum 2015 sərgisində müxtəlif növ innovativ paltaryuyan maşınlar, kondisionerlər, havaçəkən mətbəx qurğuları, Smart TV televizorları, fotokameralar və digər innovativ qurğular nümayiş edilib.

Qeyd etmək istərdik ki, üç günlük tədbirdə Rusiya və MDB ölkələrindən gəlmiş 500 nəfər iştirakçı arasında Azərbaycan mediası yalnız InfoCity jurnalı tərəfindən təmsil olunub.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -