spot_img
22 ноября, 2024
ДомойТелекомСтатьиGələcəyin əlaməti: «Ağıllı Şəhərlər»

Gələcəyin əlaməti: «Ağıllı Şəhərlər»

Bu gün həyatımızı müasir texnologiyalarsız təsəvvür etmək çətindir. Gün ərzində, artıq hər yerdə işimizi, güzəranımızı asanlaşdıran müxtəlif cihazlardan istifadə edirik. Lakin eyni zamanda istifadə etdiyimiz texnologiya məhsullarının bir çoxu cəmiyyətə mənfi təsir göstərir, ətraf mühitin çirklənməsinə, küçələrdə tıxacların, sıxlığın yaranmasına gətirib çıxardır, başqa arzuedilməz halları meydana gətirir. Bu baxımdan yeni texnologiyaların tətbiqi həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Bunu xüsusilə «Ağıllı şəhər» layihələri təmin edə bilər.

Autostrade per Italia

«Ağıllı Şəhər» nədir? «Ağıllı Şəhər»in infrastrukturu yüksək texnologiyalar əsasında qurulur. Burada enerji resurslarından daha səmərəli istifadə olunur, proseslərin ətraf mühitə və insan sağlamlığına verdiyi mənfi təsir minimuma endirilir. «Ağıllı Şəhər»in «ağıllı» kommunal xüdmətlər şəbəkələri, habelə «ağıllı nəqliyyat sistemi», hətta «ağıllı evlər»i də mövcuddur.

«Ağıllı Şəhər» sisteminin əsas ideyası şəhərin bütün xidmət və obyektlərini vahid kompüterləşdirilmiş sistemdə birləşdirib idarə etməkdən ibarətdir. Bu sistem çərçivəsində bütün obyektlərin üzərində mütamadi monitorinq aparılır və məlumatlar toplanır. Həmin məlumatlar təhlil edilir, bunun sayəsində sistem təkmilləşdirilir və daha effektiv hala gəlir.

sc

Misal kimi şəhərin yollarındakı vəziyyəti göstərək. Fərz edək ki, həftənin iş günlərində avtomobillər səhər saat 8-dən 12-dək daha çox şəhərin mərkəzinə doğru, saat 16-dan 20-dək isə daha çox əks istiqamətdə hərəkət edir. Bu haqda məlumat alan sistemin vəzifəsi mümkün tıxacların yaranmasına imkan verməməkdir. Tıxacların qarşısını almaq üçün sistem müəyyən istiqamətlərdə işıqforların iş rejimini tənzimləyir və yollardaki sıxlığı azaldır.

Ümumiyyətlə «ağıllı» nəqliyyat sistemi «Ağıllı şəhər»in ən vacib hissələrindən biridir. Bu sistemin əsas məqsədi yol-nəqliyyat hərəkatını avtomatik rejimdə tənzimləməkdən və ona tam nəzarət etməkdən ibarətdir. «Ağıllı nəqliyyat sistemi» dünyanın bir çox ölkəsində müxtəlif formalarda tətbiq olunur. 2005-ci ildə İtaliyanın «Autostrade per l’Italia» şirkəti ölkənin avtostradalarında «Tutor» sistemini tətbiq etməyə başladı. Sistem yollarda 10 km aralıqla yerləşdirilmiş sürət sensorlarından, avtomobillərin qeydiyyat nömrələrindəki çiplərdən və GPS cihazlarından alınan məlumatları toplayaraq orta sürəti hesablayır, həmin sürətin saatda 130 km-dən çox olduğu halda (yağış zamanı 110 km/s) sürət həddini aşan avtomobillərə avtomatik şəkildə cərimə kəsir. Məbləği 145 avrodan 1500 avroya qədər dəyişən həmin cərimələrin təsiri qısa zamanda özünü hiss etdirdi. Belə ki, 2007-2009-cu illərdə kəsilən 160 min cərimə qəza hadisələrinin sayının 20% azalmasına səbəb oldu. Bu gün «Tutor» İtaliyanın bütün avtomobil yollarında yerləşdirilib.

ABŞ Federal Yol Agentlıyi «Solar Roadways» şirkəti ilə yeni nəsil avtomobil yollarının inşa olunmasına dair müqavilə imzalayıb. Qış mövsümündə yollara yağan qar xüsusi qızdırıcı avadanlıqlar vasitəsi ilə əridiləcək, bununla da yol təmizləmə xərcləri ciddi şəkildə azalacaq. Həmin qızdırıcılar yol boyunca yerləşən günəş panellərindən qidalanacaq və tam olaraq avtonom şəkildə işləyəcək. Yollar həmçinin ağırlıq sensorları ilə təchiz ediləcək. Belə ki, piyada yola çıxan zaman sistem onun ağırlığını hiss edib «ağıllı» yol nişanları vasitəsilə sürücüləri bu barədə xəbərdar edəcək.

Sustainable_Highway_1

Sinqapur da «Ağıllı nəqliyyat» texnologiyasını tətbiq edən ölkələrdəndir. Sinqapurun ödənişli yollarında «34 ERP» tipli alaqapılar yerləşdirilib. Avtomobil alaqapıdan keçdiyi zaman sistem sürücünün kredit kartından avtomatik olaraq 3,5 dollar çıxır. Maraqlıdır ki, hərəkətin intensivliyinən asılı olaraq keçidin qiyməti dəyişir. Məsələn, tıxac zamanı bu küçəyə girişin qiyməti 4, hətta 5 dollara kimi çıxa bilər. Sürücünün kartında yetərli vəsait olmadığı halda ona keçid qiymətinin ikiqat dəyərində cərimə kəsilir.

Solar Roadways

«Ağıllı» nəqliyyat sistemi paytaxtımız Bakıda da qurulmuşdur. «Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi»nin necə işlədiyinə nəzər salaq. Yollarda yerləşən radioelektron detektorlar buradakı vəziyyət barədə məlumat toplayıb mərkəzi serverə göndərir. Detektorlar hər dəqiqə yollardaki 3 parametri ölçür: avtomobillərin sayını, hərəkət sürətini və hərəkət intensivliyini. Bu məlumata əsasən sistem yol hərəkatını tənzimləmək üçün müəyyən müdaxilələr edir. Müdaxilə yetərsiz olduğu halda sistem tıxac barədə məlumatı əsas yollarda quraşdırılmış monitorlara göndərib tıxac tərəfə hərəkət edən avtomobillərə xəbərdarlıq edir. Sürücülər yollardakı vəziyyətdən həmçinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin «141» qaynar xəttindən, eləcə də «Baku ITS» mobil tətbiqi vasitəsilə xəbərdar ola bilərlər.

niim

İctimai nəqliyyat da bu sistemin bir parçasıdır. Bakı şəhərində hər bir avtobus GPS vasitəsi ilə öz koordinatlarını mərkəzi serverə yollayır. Daha sonra həmin məlumatlar serverdə toplanaraq avtobusun marşrutu boyunca yerləşən dayanacaqlara, sürücünün GPS cihazına, www.niim.az saytına və «Baku ITS» mobil tətbiqinə yollanır. Beləliklə, sərnişinlər avtobusun yaxınlaşmasının dəqiq vaxtı öyrənmiş olurlar, sürücülər isə avtobuslar arasında intervalı saxlaya bilirlər. Avtomobil sürücüləri və sərnişinlər artıq «ağıllı nəqliyyat sistemi»nin üstünlüklərini hiss edirlər. Onlar sistemdən razı olduqlarını və ondan daim istifadə edəcəklərini bildirirlər.

«Ağıllı Şəhər» sadəcə «ağıllı» nəqliyyat sistemindən ibarət deyil. Müxtəlif sahələri əhatə edən «Ağıllı şəhər» sistemi aşağıdakı prinsiplər üzərində qurulur:

— Şəhər tamamilə avtonom rejimdə fəaliyyət göstərməlidir, başqa sözlə, bütün resurslar şəhər tərəfindən təmin olunmalıdır.

— Şəhər bütün ekoloji standartlara cavab verməlidir.

— Vahid kompüterləşdirilmiş sistemdə ən son informasiya və kommunikasiya texnologiyaları tətbiq olunmalıdır.

— «Ağıllı nəqliyyat sistemi» ümumi sistemin əsas hissəsi kimi effektiv işləməlidir.

Şəhərin tamamilə avtonom rejimdə fəaliyyət göstərə bilməsi üçün sistem bütün resurslardan səmərəli istifadə edildiyinə nəzarət etməlidir. Bunun üçün «Ağıllı şəhər» müəyyən qaydalara uyğun olmalıdır. Belə ki,

— enerji şəhərin infrastrukturuna istifadə həcminə görə: həcmin artdığı vaxt daha çox, nisbətən azaldığı vaxt isə müvafiq olaraq daha az verilməlidir;

— enerji sərfiyyatını optimallaşdırıb itkiləri azaltmaq üçün “Ağıllı evlər”də enerjiyə qənaət edən cihazlardan istifadə olunmalıdır;

— ətraf mühitə dost, alternativ enerji qaynaqlarından şəhər miqyasında geniş istifadə olunmalıdır.

Dünyada ilk dəfə «Ağıllı Şəhər» statusunu ABŞ-ın Kolorado ştatında yerləşən və əhalisi cəmi 100 min nəfər olan Boulder şəhəri alıb. Boulder şəhərinin sakinləri ekologiya məsələlərinə ciddi yanaşmaları ilə məşhurdurlar. Şəhərdə yerləşən 50 minə yaxın binada effektiv və ekologiya baxımından zərərsiz cihazlardan, o cümlədən, günəş panellərindən, ağıllı işıqlandırma, havalandırma sistemlərindən istifadə edilir. Şəhərdə elektrik və hibrid avtomobillərə üstünlük verilir. Boulderin «Ağıllı Şəhər» sistemi hər binanın karbon qazı tullantılarının həcmini hesablayıb qeydə alır. Şəhərin «ağıllı» olmasına «Xcel Energy» şirkəti 100 million dollar investisiya qoyub. Şəhər sakinləri sistemdən çox razı olduqlarını, bəzi kommunal xərclərinin ayda cəmi bir neçə dollara qədər azaldığını bildirirlər. «Xcel Energy» şirkəti isə ümid edir ki, gələcəkdə belə binalardan ibarət «Ağıllı Şəhərlər»in sayı artacaq.

DSO-1

Hal-hazırda «Ağıllı Şəhər» layihəsi Hollandiyanın paytaxtı Amsterdam şəhərində tətbiq olunmaqdadır. Amsterdam şəhər rəhbərliyi ətraf mühitə tullantıların 2025-ci ilədək 40% azalmasını hədəfləyir.

Demək olar ki, dünyanın bütün sənayeləşmiş ölkələrində köhnə enerji infrastrukturu qalmaqdadır. Vaxtilə effektiv olan bu infrastrukturlar bu günün tələblərinə artıq cavab vermir. Bu səbəbdən enerji infrastrukturlarının dəyişdirilməsi bir çox şəhərin ən vacib prioritetlərindən biridir. 1980-ci illərdə bir neçə böyük elektrik stansiyasına sahib olan Danimarkada enerji çatmamazlığı başlandı. Enerjinin 1 kilovat saatı o zaman üçün çox yüksək sayılan 0,12-0,13 dollar səviyyəsinə çıxdı. Proqnozlara əsasən 2005-ci ilədək 1 kilovat saatın qiyməti 1 dollara qədər artması gözlənilirdi ki, bu da ölkəni bankrot vəziyyətinə sala bilərdi. Vəziyyətdən çıxış kimi Danimarka külək turbinlərin inşasına başladı. Ölkənin hər bir tərəfində mövcud elektrik stansiyaları ilə eyni şəbəkəyə turbinlər qoşuldu. Küləyin sürətini ölçən sistem gazturbinli və daşkömürlü elektrik stansiyalarına məlumat verib orada yanacağa qənaət etməyə, nəticədə isə xərcləri azaltmağa kömək edirdi. Hazırda Danimarka ərazisində yerləşən külək turbinləri demək olar ki, bütün köhnə elektrik stansiyalarını əvəz edib. Nəticədə elektrik enerjisinin qiymətini 0.20 dollar səviyyəsində saxlamaq mümkün oldu. 70-ci illərdə enerji istehsalı üçün Almaniya və İsveçdən qaz alan Danimarka bu gün həmin ölkələrə elektrik enerjisi satır.

Вид_на_'СМАРТ_Сити_Казань'

«Ağıllı şəhər» sistemi özünün müxtəlif üstünlükləri və müsbət cəhətləri sayəsində gələcəkdə sözsüz ki, meqapolislərin, habelə orta və kiçik şəhərlərin ayrılmaz hissəsinə çevriləcək. Ağıllı sistemlərin tətbiqi ekologiya mühitinin yaxşılaşdırması, vaxta qənaət, təhlükəsizlik, xərclərin azalması və ümumiyyətlə şəhərin daha effektiv fəaliyyəti deməkdir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -