DuckDuckGo şirkəti 175 mindən çox istifadəçi arasında sorğu keçirərək, süni intellektin axtarış nəticələrində istifadəsinə münasibəti öyrənib. Dərc olunan nəticələrə görə, əksər insanlar üçün axtarış sistemlərində İİ-nin geniş tətbiqi ümumiyyətlə maraqlı deyil.
Sorğu 16–26 yanvar tarixlərində bu məqsədlə yaradılmış voteyesornoai.com saytında keçirilib. İştirakçılara cəmi iki seçim təqdim olunub: “lehinə” və “əleyhinə”. Nəticədə respondentlərin 90%-i süni intellektin axtarış sistemlərində istifadəsinə qarşı səs verib.
Bu göstərici, süni intellekt funksiyalarının demək olar ki, bütün xidmətlərə və tətbiqlərə — hətta Windows-un klassik “Notepad” proqramına belə — aktiv şəkildə inteqrasiya olunduğu bir dövrdə xüsusilə diqqətçəkici görünür.
Bununla belə, sorğunun nəticələrinə DuckDuckGo-nun mövqeləndirilməsi də təsir etmiş ola bilər. Axtarış sistemi uzun illərdir məxfiliyə önəm verir və onun auditoriyası süni intellekti şəxsi məlumatlar üçün potensial risk kimi qəbul edə bilər.




