spot_img
6 марта, 2025
ДомойТелекомСобытия4SİM 2024-cü il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirib

4SİM 2024-cü il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) 2024-cü il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair mətbuat konfransı keçirilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov media nümayəndələrinə qurumun ötən il həyata keçirdiyi layihələr, əldə edilən nəticələr və nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

Bildirilib ki, 4SİM 2024-cü ildə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq və bu sahədə əlaqələndirmə, təcrübə mübadiləsi, insan kapitalının inkişafı, innovativ texnologiyaların tətbiqinin stimullaşdırılması, rəqəmsal iqtisadiyyat üzrə təşəbbüslərin, strategiyaların və layihələrin təhlili və koordinasiyası üzrə aktiv fəaliyyət göstərib, bir sıra layihələr həyata keçirib.

Rəqabətli insan kapitalının inkişafı. 4SİM, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirilən «4Sİ Akademiyası» layihəsinin pilot mərhələsi ötən il uğurla tamamlanıb. Ölkədə rəqəmsal bacarıqların inkişafı, qabaqcıl texnologiyalar sahəsində bilik və bacarıqların artırılması və əmək bazarında ixtisaslı kadrların hazırlanmasına dəstək məqsədilə həyata keçirilən layihə çərçivəsində 10 min nəfər 1 il ərzində mərhələli şəkildə “Coursera” onlayn təhsil platformasında müxtəlif təlimlərdən ödənişsiz yararlanmaq imkanı əldə edib. İştirakçıların nüfuzlu universitet və qabaqcıl şirkətlərin süni zəka, böyük verilənlər, data analitika, blokçeyn, bulud texnologiyaları, liderlik, kommunikasiya, ingilis dili və digər istiqamətlər üzrə kursları ümumi izləmə müddəti 32 min saatdan çox təşkil edib, təlimləri uğurla tamamlayanlar 4300 beynəlxalq sertifikat əldə ediblər. Layihə 2024-cü ildə Süni intellekt innovasiyası kateqoriyası üzrə “Coursera” şirkətinin «Üstün Nailiyyət» mükafatına layiq görülüb.

Bu il davam etdiriləcək “4Sİ Akademiyası” Milli Proqramı daha çox vətəndaşı və platformada təqdim olunan 8000-dən çox kursu əhatə edəcək. Hər bir istifadəçi 6 həftə ərzində bu kurslardan yararlana biləcək. Milli Proqram üçün qeydiyyat növbəti həftədən start götürəcək. İştirakçılar üçün yaş və digər məhdudiyyətlər yoxdur.

4SİM 2024-cü ildə “Apple” şirkəti ilə birgə ölkəmizdə «Apple səlahiyyətli təlim mərkəzi”nin yaradılması, coğrafi informasiya sistemləri sahəsində dünyanın aparıcı şirkəti olan “Esri” ilə “Tələbələr üçün ArcGİS” layihəsi, blokçeyn, veb3, kriptoqrafika və kriptovalyuta sahəsində ixtisaslaşmış “Binance” şirkəti ilə “Binance Academy” çərçivəsində əməkdaşlığa start verib. Bu proqramlar çərçivəsində müxtəlif təlim sessiyaları keçirilir, məqsəd ixtisaslaşmış yerli mütəxəssislərin və təlimçilərin hazırlanmasına töhfə verməkdir.

Beynəlxalq təcrübə mübadiləsi. 4SİM 2024-cü il ərzində Dünya İqtisadi Forumu (DİF) ilə tərəfdaşlıq çərçivəsində süni intellekt, maşın öyrənməsi, əşyaların interneti və şəhər transformasiyası, rəqəmsal ticarət və enerji keçidi sahələrində beynəlxalq əməkdaşlığı genişləndirib. DİF-in 23 qlobal mərkəzindən biri olaraq sadalanan istiqamətlərdə 18 müxtəlif layihədə tərəfdaş kimi iştirak edib. Yaşıl texnologiyaların tətbiqi və dayanıqlı inkişafın təşviqi istiqamətində addımlar atılıb. “Enerjidə süni intellekt həlləri” layihəsi çərçivəsində ölkəmizdə yerli tərəfdaşlarla 40 həll konsepti hazırlanıb. Ofis binaları və müəssisələrdə enerji sərfiyyatında səmərəliliyin artırılması və karbon emissiyalarının azaldılması istiqamətində süni intellektin tətbiqi ilə pilot layihəyə başlanıb. Layihənin uğurlarına dair DİF-in platformasında birgə hesabat dərc olunub.

Texnologiyaların tətbiqinin stimullaşdırılması. Ötən il “Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində bir neçə müəssisənin rəqəmsal diaqnostikası aparılıb. Müəssisələrin rəqəmsal transformasiyaya hazırlıq səviyyəsi ölçülüb, müvafiq yol xəritələri hazırlanıb. 4SİM-in 2025-ci ildə daha 15 müəssisənin, 2030-cu ilə qədər isə 650 müəssisənin rəqəmsal transformasiyasına dəstək verməsi nəzərdə tutulub.

Startap və innovasiya ekosisteminə dəstək. 4SİM 2024-cü ildə “InMerge İnnovasiya Sammiti” və Baku İD (Baku Investment Day) tədbirlərinin əsas tərəfdaşlarından olub. Tədbirlərdə müxtəlif dövlət qurumları və özəl sektorla innovasiya ekosisteminin inkişafına dair əməkdaşlıqlar qurulub, yeni texnologiyaların tətbiqinə dair təşəbbüslər müzakirə edilib.

Ümumilikdə, 2024-cü il ərzində 4SİM tərəfindən milli iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən xidmət, nəqliyyat və idman sahəsində 4Sİ texnologiyalarının tətbiqini nəzərdə tutan həllər inkişaf etdirilib.

4SİM avtomatlaşdırma, böyük verilənlər və texnoloji yeniliklərin sənayenin genişmiqyaslı transformasiyasına dəstək məqsədilə ölkəmizdə «Sənaye 4.0 Mərkəzi» layihəsinin icrasına start verib. Bu mərkəz Azərbaycanda rəqəmsal transformasiya üçün hərtərəfli qovşaq və vahid ekosistem rolunu oynayacaq, şirkətlərin rəqəmsal transformasiyasını sürətləndirəcək.

COP29 çərçivəsində DİF-lə birgə 100-ə yaxın yerli və qlobal liderin iştirakı ilə “Dayanıqlı inkişaf liderlərinin toplantısı” və Yerin müşahidəsi icmasının iştirakı ilə dəyirmi masa keçirilib, beynəlxalq ekspertlərin qatıldığı “Süni intellektin ətraf mühitə təsirlərinin azaldılması və dayanıqlı inkişafa töhfəsi” və “Süni intellekt: Texnoloji proqnozlaşdırma və rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü” adlı panel sessiyalar və yan tədbirlər təşkil edilib.

Maarifləndirmə. 2024-cü ildə “4SİM Talks” və “4Sİ Müzakirə Platforması” təşəbbüsləri ilə yanaşı, sənaye 4.0 sahəsində vörkşop və seminarlar keçirilib, media vasitəsilə maarifləndirici proqramlar icra olunub. Tərəfdaşlarla birlikdə 40-dan çox tədbir keçirilib.

Qurumun müxtəlif layihələrində il ərzində 200-dən çox tələbə təcrübə keçib. 2024-cü ildə ölkəmizdə ilk dəfə İKT sahəsində ixtisaslaşmış əmək yarmarkası keçirilib, gənclərə 500-dən artıq vakansiya və çox sayda təcrübə proqramı təklif olunub.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,966ФанатыМне нравится
1,024ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -