Honor şirkəti qarşıdan gələn MWC 2026 sərgisindəki çıxışını rəsmi şəkildə anons edib. Tədbir “Gələcəyin süni intellektinə inananlar” şüarı altında keçiriləcək və istehsalçı bir sıra tamamilə yeni texnoloji həllər nümayiş etdirməyə hazırlaşır.
Təqdimatın ən diqqətçəkən yeniliklərindən biri insanabənzər robot olacaq. Hələlik cihaz haqqında texniki detallar açıqlanmasa da, onun inkişaf etmiş süni intellekt imkanları ilə təchiz ediləcəyi bildirilib. Bununla Honor iri smartfon istehsalçıları arasında robototexnika bazarına daxil olan ilk şirkətlərdən birinə çevrilə bilər.
Şirkətin stendində həmçinin konseptual Honor Robot Phone smartfonu da nümayiş olunacaq. Qurğunun əsas fərqi xüsusi hərəkətli mexanizm üzərində yerləşən “robotlaşdırılmış” kameradır. Bu kamera 360 dərəcə video çəkilişi həyata keçirə bilir və istifadə olunmadıqda cihazın korpusunun içində gizlənir.
Yeni qatlanan Honor Magic V6 modeli isə nazik korpusu və öz sinfi üçün yüksək tutumlu batareyası ilə seçiləcək. Bundan əlavə, Honor süni intellekt performansını nümayiş etdirmək məqsədilə kompakt dizayna malik Honor MagicPad4 planşetini və MagicBook Pro 14 noutbukunu da təqdim etməyə hazırlaşır.
MWC 2026 sərgisi 1 mart tarixində Barselonada start götürəcək.





