CES 2026 sərgisinə həsr olunmuş konfransda LG Display şirkəti özünün ən son texnoloji yeniliklərini nümayiş etdirib. Brendin təqdim etdiyi məhsullar arasında rekord yenilənmə tezliyinə və yüksək parlaqlığa malik yeni nəsil OLED TV paneli, eləcə də avtomobillər üçün hazırlanmış, o cümlədən “dayaqdan dayağa” (pillar-to-pillar) formatında nəhəng ekranlar yer alıb.
Şirkət Primary RGB Tandem 2.0 adlı yeni OLED matrisi üzərində işləyərkən ağ subpikselə malik ənənəvi RGWB strukturundan imtina edərək “təmiz” RGB quruluşuna keçib. LG-nin iddiasına görə, bu yanaşma daha dəqiq rəng ötürülməsi və 4500 nitə qədər çatan yüksək pik parlaqlıq təmin edir. Panel həmçinin əksolma əmsalı minimuma endirilmiş yeni nəsil «Anti-Reflective» örtük ilə təchiz olunub.
Oyunsevərlər üçün LG xüsusi sürprizlər də hazırlayıb: 720 Hz yenilənmə tezliyinə malik 27 düymlük OLED panel, eləcə də 39 düym diaqonallı, ultrageniş formatda 5K2K ekran təqdim edilib.
Avtomobil texnologiyaları sahəsində isə şirkət diqqətləri üzərinə çəkən 51 düymlük avtomobil ekranını göstərib. Bu panel sürücü və ön sərnişin qarşısındakı bütün ön paneli əhatə edir, vahid şüşə ilə örtülür və proqram təminatı vasitəsilə sürücü və sərnişin üçün fərqli məzmunun göstərilməsinə imkan yaradır.
Bundan əlavə, LG avtomobillər üçün çıxarılan (slayd) ekran konseptini də nümayiş etdirib. Normal rejimdə ekran yalnız qismən görünür, sürücünün istəyi ilə isə paneldən çıxaraq 33 düymlük tam ölçülü displeyə çevrilir.
LG-nin bu innovativ yeniliklərinin satış tarixi və qiymətləri hələlik açıqlanmayıb.





