Apple və Google süni intellekt sahəsində əməkdaşlığa başladıqlarını rəsmi olaraq elan ediblər. Bu o deməkdir ki, iPhone-lardakı yeni Siri Google-un Gemini neyroşəbəkəsinin alqoritmlərindən istifadə edəcək.
CNBC-nin məlumatına görə, Apple özünün böyük dil modellərini (LLM) təkmilləşdirmək üçün Gemini modelinin məlumat bazalarından və Google-un bulud texnologiyalarından yararlanacaq. Bununla belə, Siri tərəfindən emal edilən məlumatlar xarici tərəfə ötürülməyəcək — bütün proseslər yalnız istifadəçi cihazlarında və Apple-ın daxili serverlərində həyata keçiriləcək.
“Ətraflı qiymətləndirmədən sonra belə qənaətə gəldik ki, Google-un texnologiyası Apple Foundation modelləri üçün ən etibarlı baza təqdim edir. Bu əməkdaşlığın istifadəçilərimiz üçün açacağı yeni imkanlardan məmnunuq”, — deyə Apple-ın mətbuat xidmətində bildirilib.
Media mənbələrinin yazdığına görə, razılaşma çərçivəsində Apple Google-a ildə təxminən 1 milyard dollar ödəyəcək. Qeyri-rəsmi məlumatlara əsasən, Siri-nin süni intellektlə gücləndirilmiş versiyasının istifadəyə verilməsi yalnız gələn ilə planlaşdırılır.





