Giriş — Ölkə xaricindən gəlir əldə etmək
Dolların yerli valyuta önündə daha çox dəyər qazandığı bu günlərdə hər bir peşə sahibi üçün yəqin ki, dollar ilə gəlirinin olması perspektivi maraqlı olar. Yaxşı, bunun üçün hazırda hansı imkanlar və maneələr var? Hansı peşə yiyələri, hansı bacarıq sahibləri üçün bu imkan daha çoxdur? Yəni nəzərdə tutduğumuz mövzu şirkət-istehsal-ixrac prosesi haqqında yox, tək fərdi şəxsin əməyinin nəticəsini ixrac edib pul qazanmaq imkanları mövzusudur. Bu haqda bir qədər danışacağam. Yazının məqsədi bu məsələdə ümumi imkanlara və problemlərə işıq salmaqdır.
Məlumdur ki, Internet fərdlərə elə bir imkanlar yaradır ki, fərd öz fiziki və ya virtual məhsulunu, əməyinin nəticəsini uzaq məsafələrə sata bilir. Bunun tarixi 90-cı illərə gedir çıxır, lakin bizdə məlumdur ki, internet son 10 ildə kütləvi populyarlaşmağa başladı, bu illər ərzində də yerli valyuta kifayət qədər möhkəm olduğuna görə fərdlər üçün yerli bazar xarici bazardan daha asan və cəlbedici idi, nəticədə xarici bazarın perspektivləri nəinki yetərincə dəyərləndirilməmiş durumdadır, ümumiyyətlə bu sahədə gözəçarpan hansısa istisna faktları saymaq belə çətindir. (ixraca meylli olmamaq).
Hazırda isə vəziyyət 180 dərəcə dəyişib və xaricdən gələn hər dollar əvvəlkindən qat-qat cəlbedici görünür. Həm ölkə üçün (çünki gəliri əldə edən şəxs pulu böyük ehtimalla elə burada xərcləyəcək), həm də fərdin özü üçün. Amma əsas məsələyə keçməzdən öncə internetdən pul qazanmaq mifi haqqında bir iki kəlmə danışaq.
İnternetdən pul qazanmaq mifi
Bəzi sadəlövh insanlarda belə bir inanc var ki, heç bir bacarıq olmadan internetdən hər hansı sirrli metodlarla pul qazanmaq mümkündür. Ekranda görünən və tez-tez dəyişən reklamlara klikləməklə, hansısa səhifələri açıb açıq saxlamaqla və.s.
Qısaca deyim ki, bütün bunlar cəfəngiyyatdır və bu metodlara bənzər işlər qarşılığında pul verdiyini deyən saytların hamısının əsas iş modeli fərqlidir. Belə müftə pul vermək təklifi isə aldadıcı maska rolunu oynayır.
Məsələn, sayt sizə deyir ki, bəs daxil olun klikləyin biz deyən reklamlara, pul qazanın, indi siz 100 klikə 1 cent qazanırsız (hansı ki bu gedişlə aya 1$ etsə şükür edin), bəs 5$ versəz 10 klikə 1 cent qazanacaqsınız. Hələ bir dostunuzu dəvət etsəz, o da pul versə bizə, onda siz 1 klikə 1 cent qazanacaqsınız və.s. Beləliklə böyük pullar sizin olacaq və.s. Gördüyümüz kimi, adi primitiv piramida şəbəkəsi fırıldağıdır. Reklama klik isə tələdəki pendirdir, sizi piramida sisteminə cəlb etmək üçündür. Özünə hörmət edən heç bir şirkət reklamda maraqlı olmayan bir insanın reklama baxıb səhifəni bağlamasına görə pul verməz və vermir də.
Bu fırıldaq ilə qarışıq salına bilmə ehtimalı olan PPC reklam sistemləri(hər klikə görə ödəmə) isə tamamilə başqa sahədir və onun modeli fərqlidir. PPC-də kliki şüurlu şəkildə etmirlər, yalnız reklamla maraqlanan adamlar edirlər.
Deməli sadə və banal bir nəticə çıxara bilərik: internet platformasında da real fiziki dünyamızda olan qanun dəyişməyib: Heç kim sizə durduğunuz yerdə pul vermir, pul yalnız bacarığın tətbiqi nəticəsində hasil olan nəticəyə (məhsul,xidmət) görə verilir. Əksini iddia edən ya məlumatsızdır, ya da aldatmağa cəhd edir. Hər kəsin bacardığı primitiv bir iş bacarıq sayılmır və ona görə də ona pul düşmür.
Bəs bu işlərin həqiqi forması necə olur? İnternet üzərindən real gəlir əldə etmək deyəndə söhbət yalnız proqram təminatının, İT (İnformasiya Texnologiyaları) xidmətlərin satışındanmı gedir? Yoxsa bu digər sferaları da əhatə edə bilər? Bu barədə növbəti yarımbaşlıqda.
Hansı bacarıq sahibləri internet üzərindən gəlir əldə edə bilir?
Qısa cavab desək: onlarla, bəlkə də yüzlərlə bacarıq sahibləri. Təkcə İT sahəsinə aid olanlar? Yox, bir çox sahələrə aid olanlar.
Məsələn Azərbaycan insanı üçün aktual ola biləcək bir neçə sadə nümunə deyim:
— İT sahəsi üzrə proqram təminatı satışı, freelance əmək, dəstək xidməti, yüksək ziyarətli veb saytın reklam məzmunundan gələn gəlir, biznes modeli olan startup layihə və.s.
— Qeyri İT sahəsi üzrə fiziki əşya satışları — əllə düzəldilən suvenir əşyaların, şərq üslublu qab-qacaqların satışı, hər hansı rəssamın öz rəsm əsərlərinin satışı, hər hansı dülgərin, heykəltəraşın və.s. digər peşə sahiblərinin öz maraqlı əsərlərinin satışı, gec xarab olan hansısa milli qida növünün qablaşdırılmış satışı, şəxsi dizayn olunmuş model paltarların özünün və ya eskizinin satışı, kənd təsərrüfatı məhsulları üçün müştərinin tapılması və anlaşma işləri və.s.
— Qeyri İT sahəsi üzrə fiziki olmayan xidmət satışları — rus-türk-azərbaycan-ingilis və.s. dillərdən bir-birinə online tərcümə xidmətləri sifarişinin qəbulu, bildiyiniz hər hansı bir dili mövcud platformalar üzərindən video dərslərlə ödənişli öyrətmək.
Bunlar bir dəfəyə yadıma düşən variantlardır, əminəm ki, düşünsək, Azərbaycan üçün real olan daha-daha onlarla variant tapa bilərik.
Əsas maneə və problemlər
Yaxşı tutaq ki, mən əminəm ki, yuxarıda sadalanan(və ya sadalanmayan) bacarıqlardan birinə malikəm və öz əl və ya beyin işimi internet üzərindən satmaq istəyirəm. Satış mümkün olsa bu gün başlayaram məhsulu hazırlamağa. Hansı imkanlar və maneələr mövcuddur mənim işə başlamağım üçün?
Maneə 1: İnternet üzərindən satılan məhsul və xidmətlər üçün olan əsas ödəmə sistemi Paypal-dır, bu şirkət də hələ ki, Azərbaycana pul göndərişini dəstəkləmir. Bu çox ciddi maneədir. Tam köklü çarəsi hələ ki, yoxdur, müvəqqəti çarə kimi alternativ ödəmə sistemlərindən istifadə etmək olar.(baxır biznesiniz hansı platformada olacaq, o barədə növbəti yarımbaşlıqda) Yaxud əgər doğurdan da sırf Paypal ilə gələ biləcək gəlirləriniz çox ciddidirsə, o halda qonşu ölkələrdən birinə gedib orada bank hesabı açıb işi oradan həll etmək olar.
Maneə 2: Yerli qanunvericilik: Xaricdən əgər sizə pul gələcəksə, bu fəaliyyətinizə görə vergi verməlisiniz. Bu maneənin çarəsi asandır, Vergilər Nazirliyinə elektron və birbaşa müraciət edib sahibkar kimi qeydiyyatdan keçirsiniz, hələ ki, vəssalam.
Maneə 3: İnsanların bu işləri necə təşkil etməyi bilməməsi. Bu, həqiqətən ciddi problemdir. Tutaq ki, bir rəssam çox maraqlı rəsmlər çəkir, onun xaricdə satışını təşkil etmək istəyir. Amma internetdən istifadə bacarığı çox zəifdir. Bu maneənin də çarəsi var, kurslar, təlim mərkəzləri bu fürsəti dəyərlib “Filan platformada satışı necə həyata keçirib pul qazanmaq olar” adlı təlimlər və kurslar təşkil edə bilər. Bu zaman həm də “hamısı birində” prinsipi ilə Maneə 1,2,4-də sadalanan məsələlərin həlli də öyrədilə bilər.
Maneə 4: Poçt məsələsi. Əgər məhsul virtual deyilsə, fiziki əşyadırsa, o halda poçt ilə işləmək zərurəti meydana çıxır. İnternet biznesin inkişaf etdiyi ölkələrdə (ABŞ, Böyük Britaniya, Çin, Tayvan, Sinqapur və.s.) yetərincə inkişaf etmiş yerli poçt şirkətləri var. Hansı ki, ən sürətli bahalı göndərişdən tutmuş ən ucuz ləng göndərməyə qədər geniş çeşidli xidmətlər təklif edirlər. Bizdə isə poçt şirkəti anlayışı hələ də inkişaf etməyib. Mövcud olan tək şirkət və onun alt müəssisəsi(AzEMS) də dövlətə məxsusdur. Bu maneənin əlacı: mövcud olanlarla kifayətlənmək. Nisbətən qənaətli göndərişlər üçün yerli şirkətlə, bahalı ekspress göndərişlər üçün isə Bakıda ofisləri olan beynəlxalq poçt şirkətlərindən(DHL, Fedex və.s.) istifadə etmək.
Hansı məşhur satış platformaları mövcuddur?
— Ebay.com: Bu saytda virtual mağaza yaradaraq öz fiziki məhsullarınızın satışını həyata keçirə bilərsiniz. Pul qəbulu birbaşa bank ilə də olur, Paypal ilə də.
— Fiverr.com: Bu saytda siz öz incəsənətə yaxın tipdə olan əsərlərin sifarişini qəbul edə bilərsiniz. Məsələn geyim dizayn eskizi çəkə, müştərilərin portretini çəkmək sifarişi qəbul edə, sifarişlə xüsusi tip rəsmlər çəkə bilərsiniz və.s.
— Etsy.com: Öz əl işlərinizi sata biləcəyiniz platforma.
— Upwork.com, freelance.com və.s.: dizayn və İT xidmətlərin sifarişinin qəbulu.
— və.s.
İT məhsulların ixrac perspektivinə realist baxış
Bəzi hallarda informasiya texnologiyalarının perspektivindən danışılanda avantüra da işə düşür. Bir çox fikirlər eşidirik:
“IT məhsullar neftdən fərqli olaraq tükənməzdir və bu sektor daha sərfəlidir”, “IT məhsullar daha gəlirlidir, baxın e, təkcə Samsung-un və ya Apple-ın gəliri ən çox qazanan neft şirkətlərinin və hətta bir çox neft dövlətlərinin bütöv gəlirlərindən daha çoxdur”, “IT üçün daha kiçik investisiya lazımdır, intellektual kapital daha ucuz başa gəlir” və.s.
Bu tip fikirlərin bir çoxu ayrıca götürəndə doğrudur, bəs doğurdanmı hər şey bu qədər sadədir? Sabah hamılıqla oturub proqram təminatı və ya cihazlar hazırlasaq, neftdən daha çox gəlir gələrmi? Bəli, gələr. Amma, hər şey göründüyü qədər sadə deyil.
Gəlin bir az reallığa qayıdaq: Azərbaycan digər əksər (Estoniya kimi istisna da var) postsovet ölkələri kimi İKT baxımından inkişaf etmiş ölkələrdən çox-çox geridədir. 10 il, 20 il, 30 il — daha orasını dəqiq bilmirəm.
Belə olan halda bizim istehsal etdiyimiz proqram təminatının beynəlxalq bazarda hansı perspektivləri ola bilər? Əlbəttə ki, çox aşağı. Yəni “bizim yerli şirkət öz məhsullarını xaricdə satıb ölkəmizə yüz milyonlar qazandıracaq” kimi fikirlər hazırda avantüradan başqa bir şey deyil, hansısa həvəsli məktəblinin “milli sosial şəbəkə yaradıram, Facebook-u üstələyəcəm” deməsi kimi bir şeydir. Reallıqla hesablaşmamaq, ölçməmək, rəqiblərin necə və nə cür olduğu haqqında məlumatı olmamaq, bir sözlə quru söz yığını.
Gəlin bənzətmə aparaq: Təsəvvür edin ki, stadionda qaçış yarışı keçirilir, ilk yerdə gedən 9-cu dövrəni tamamlayır, mənsə çox ləng qaçıram, hələ indi 4-cü dövrəni bitirirəm, liderdən tam 5 dövrə geridə qalmışam. Amma hazırda yan-yana qaçırıq, o 10-cu dövrəni, mən 5-cini. Və mən deyirəm ki, bəs bir az güc verib bu qardaşı ötə bilərəm, 1-2 metr fərqimiz var da, o da insandır mən də. Bəs aradakı 5 dövrə hara getdi?
Axı beynəlxalq bazar da bir yarışmadır, bu yarışmanın bütün mərhələlərini keçmiş xarici şirkətlər necə olsun bəs, biz onlara alternativ məhsul çıxarırkən onlar armud dərməyə gedəcək? Onlar da məhsul çıxaracaq və bizim məhsula heç baxan olmayacaq. Bu elə bir həqiqətdir ki, burada hər hansı nikbinlik söhbəti keçərsizdir. “Hər komanda 11 oyunçudan ibarətdir, meydan da düz, top da yumrudur” fikrinə əsaslanıb futbol yığmamızın dünya çempionu olacağı barədə nikbin olmağa bənzəyir.
Bu tip rəqabətli bazarlarda şans yalnız dar ixtisaslaşmış sahələrdə ola bilər. Yəni məsələn, hansısa Azərbaycan şirkətinin ABŞ bazarına ciddi korporativ həllər, Əməliyat Sistemi, ERP həll, Verilənlər Bazası proqram təminatı, universal tibbi və ya təhsil həll paketi, datacenter həlləri və.s. kimi məhsul buraxması gülüş doğura bilər, monqol turistlərə monqol şubaları satmaq məsələsi.
Amma axtarıb araşdırıb xüsusi ixtisaslaşmış sahələr üzrə kiçik boşluqlar, zəif rəqabət olan nöqtələr tapıb o sahədə proqram təminatı satışı etmək uğur şansımızı 0-dan qaldırır bir az yuxarıya, tutalım 10-20%-ə, ki bu da bir şeydir heç olmamaqdansa.
Satış modelindən savayı hər zaman aktual olan freelance (sövdələşmə ilə olan bir dəfəlik işlər) əmək xidmətləri göstərib maaş ekvivalentində gəlir əldə etmək olar. Burada şans artıq 0-10-20% yox, çox-çox yüksəkdir. Çünki bu sahədə rəqabət sadəcə “bir fərdin özünü inkişaf etdirib müəyyən biliklərə yiyələnməsi” qədər sadə formatdan ibarətdi, bunu isə bacarmaq mümkünsüz görünmür. Bu zaman yuxarıda sadaladığım qərblə rəqabət çətinliyi də burada elə də çox hiss olunmur. Bu bilirsiniz nə deməkdir? Bu o deməkdir ki, bacarığınız olduğu müddətdə heç bir zaman işsiz qalmazsınız. Yetər ki, bir tək özünüzü beynəlxalq bazara rəqabətli olacaq dərəcədə inkişaf etdirəsiniz.
Son zamanlar zayı çıxmış startup və startapçılıq söhbətinə də toxunaq. Azərbaycandan çıxan və özünə startup deyən bir proqram təminatının gedib Amerika, Avropa bazarında özünü yenilik edən bir biznes model olaraq təqdim etməsi bilirsiz nəyə bənzəyir?
Yəqin bir çoxunuz yerli tv xəbərlərində bir neçə dəfə görmüsünüz, ki, bəs filan rayonumuzda yaşayan Azərbaycanlı ixtiraçı filan şeyi kəşf edib, bəs bu inqilabdır, bu dünyada yenilikdir, min, on min, yüz min dollara satıla bilər xaricdə olsa … və xəbər bitdi. Halbuki bu filan şeyin daha təkmil forması Ebay saytında 5-10$-a 100-lərlə çeşiddə satılır, həm də dünyada 40-50 ildir(!) geniş istifadə edilir.
Belə gülməli xəbərlərin problemi nədədir? İnformasiya yetərsizliyində. “İxtiranın müəllifi” belə bir şeyin olmasından xəbərsizdir deyə özünün zəhmət çəkib hazırladığı(istənilən halda belə adamlara hörmət edirəm) cihazı “dünyada yenilikdir” kimi təqdim edir (özü də buna inanır), tv-lər də ki maşallah, digər sahələrdə olduğu kimi, texnologiyadan da bixəbər jurnalisti gəlir baxır, iddiaya inanır… Vəssalam, axşama xəbərlərə bir süjet hazırdır.
Hə, bu startup məsələsi də təxminən belə bir şeydir. Startup dünyası adlanan şərti ölkə üçün ucqar bir dağ kəndi rolunda olan Bakıdan çıxan bir məhsul gedib oralara çıxanda həmin yuxarıda dediyim “ixtiraya” bənzəyir, hansı ki, onların bazarında N qədər daha yaxşı variantlar var. Bu tip biznes modellərin doğulması üçün müvafiqekosistem formalaşmalıdır, ki bu da çox uzun və məşəqqətli yoldur və ayrı söhbətin mövzusudur.
Bizim startapçı(əcəb addır, startapçı, milli peşə növüdür) burada öz həllini hazırlayarkən oraların, qaynayan bazarın reallığından əsas etibarilə xəbərsiz olur. Deyə bilərsiz ki, bəs internet sərhəd tanımır axı, dünyanın istənilən yerində nə baş verdiyini dərhal bilmək olur.
Bu ilk baxışdan belədir, əslində isə internet vasitəsilə haranınsa bazarı və ya reallıqları barədə məlumat almaq heç bir halda fiziki olaraq həmin məkanda yaşayaraq məlumat almağı əvəz edə bilmir.
Birincisi ona görə ki, bəzi şeylər birbaşa müşahidə tələb edir, “orda olmasan, araşdırmasan, hiss etməsən” bilməzsən, ikincisi də ona görə ki, internetdə məlumatın çoxluğu bəzən tam dolğun informasiyanın alınmasını bir az çətinləşdirir.
Yəni tutalım startuplar barədə hər gün minlərlə xəbər çıxır, bizim beynimizin imkanı yoxdur ki, onların hamısını oxuyub emal edə. Və nəticədə il ərzində bu sahədə çıxan xəbərlərin yalnız kiçik və çox əks-səda doğurmuş qismindən xəbərimiz olur, böyük hissə barədə isə məlumatsız oluruq. Və gedirik iş otağımızda inqilabi cihaz ixtira etməyə 🙂
Yekun
İnternet üzərindən fərdi əmək məhsullarımızın satış həcmi artsa nələr qazanarıq, kimlər qazanar?
— Hər bir fərd özü qazanar: ölkə xaricindən dollar ilə gəlir əldə edər.
— Banklar qazanar, gələn pulların həm konvertasiyasından, həm də nəqdləşdirilməsindən komissiyalar tutaraq.
— Dövlət qazanar: həm ölkəyə valyuta axını olar bu dolayı xeyir, həm də bu axından tutulan vergilər ilə birbaşa xeyir.
— Poçt sistemi qazanar — hər bir göndərilən məhsul poçt şirkəti üçün gəlir deməkdir.
— Təlim mərkəzləri, kurslar qazanar: yuxarıda da yazdığım kimi, qeyri İT sahəsinin adamları bu sahəyə daxil olmaq üçün biliklər toplusuna ehtiyac duyar və bu bilikləri onlara satmaq mümkündür.
— Dolayı təsirlərlərlə bir çox sektor qazanar. İtirən isə deyəsən heç kim olmaz.
Yazının məqsədi “gəlin hamınız onlayn məhsul sataq”, “internetdən pulu necə qazanmağı öyrənək” tipli konkret çağırış deyildi, məqsəd hazırki formalaşmış reallığı təsvir edib, mövcud olan imkanların təsnifatını vermək idi.
Bəlkə kimlərsə bir yol aça, bir işıq ucu görə və ya sadəcə maariflənmiş ola.
Elvin Haci, www.technet.az